10 Fevral 2015 17:04
970
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycandakı nümayəndəliyinin başçısı Deniz Duran və Müdafiə proqramı üzrə koordinator Martin Klemenisdən ibarət nümayəndə heyətini qəbul edib.

Teleqraf.com xəbər verir ki, görüşdə Penitensiar xidmət rəisinin müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov və xidmətin məsul əməkdaşları iştirak ediblər.

Mədət Quliyev BQXK-nın nümayəndələrini salamlayaraq, Komitənin Azərbaycanda xüsusi xidmətlərinin olduğunu qeyd edib və bu fəaliyyətin penitensiar xidmət sahəsini də əhatə etdiyini xüsusilə vurğulayıb.
Mədət Quliyev Penitensiar müəssisələrdə məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində davam etdirilən işlər barəsində qonaqlara ətraflı məlumat verib.

BQXK ilə Penitensiar xidmət arasındakı əməkdaşlığı çox yüksək qiymətləndirdiyini deyən nazir müavini BQXK nümayəndələrinin cəzaçəkmə müəssisələrinə başçəkmələri zamanı aşkarladıqları problemlərə xüsusi diqqətlə yanaşıldığını və onların irəli sürdükləri təşəbbüslərin nəzərə alındığını qeyd edib.

Daha sonra BQXK-nın Azərbaycandakı nümayəndəliyinin başçısı xanım Deniz Duran Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə əməkdaşlığın səmərəli olmasından, komitənin tövsiyələrinə penitensiar müəssisələr tərəfindən dərhal reaksiya verilməsindən və bu tövsiyələrin nəzərə alınmasından məmnun qaldığını bildirib.

Müdafiə proqramı üzrə koordinator cənab Martin Klemenis də öz növbəsində penitensiar müəssisələrə baş çəkilməsi üçün onlara Ədliyyə Nazirliyinin tərəfindən yaradılan lazımi şəraitə görə minnətdarlığını ifadə edib.

Sonda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Hacı Zeynalov


Müəllif: