11 Fevral 2015 15:04
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 11-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ATƏT-in Bakı Ofisinin Layihə Əlaqələndiricisi Aleksis Şaxtaxtinskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Teleqraf.com-un məlumatına görə, qonaqları salamlayan DGK sədri Aydın Əliyev Azərbaycan və ATƏT arasında səmərəli əlaqələrdən bəhs edib, ümummilli lider Heydər Əliyevin respublikamızın inkişafı naminə həyata keçirdiyi və bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilən uğurlu iqtisadi islahatlar nəticəsində respublikamızın əldə etdiyi nailiyyətlərdən, o cümlədən gömrük sisteminin inkişafından danışıb.

Azərbaycan Gömrük Xidmətinin tarixinə, keçdiyi inkişaf yoluna diqqəti çəkən komitə sədri istər büdcə gəlirlərinin formalaşmasında, istərsə də iqtisadi təhlükəsizliyin təmin edilməsində gömrük orqanlarının rolundan söhbət açıb, informasiya texnologiyalarının tətbiqi, qanunvericilik və maddi texniki bazanın möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib.

Müstəqil Azərbaycanın gömrük sisteminin beynəlxalq təşkilatlarla, xüsusilə Ümumdünya Gömrük Təşkilatı ilə qarşılıqlı əlaqələrinə də toxunan DGK sədri əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib, artıq ÜGT-nin bir sıra beynəlxalq tədbirlərinə Azərbaycanın ev sahibliyi etdiyini, cari ilin sentyabr ayında 10-cu Beynəlxalq PICARD Konfransının da Bakı şəhərində gerçəkləşəcəyini diqqətə çatdırıb, eləcə də ÜGT-nin Regional Tədris Mərkəzinin və Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin Azərbaycanda fəaliyyətə göstərməsini mövcud əlaqələrin müsbət məcrada davamlı inkişafına bir töhfə kimi dəyərləndirib.

“Gömrük işində peşəkarlıq və inkişaf üçün əsas şərtlərdən biri də bu sahədə təhsilin və kadr hazırlığının təşkil edilməsidir” - deyən komitə sədri ötən il fəaliyyətə başlayan Dövlət Gömrük Komitəsi Akademiyası barədə də qonaqlara ətraflı məlumat verib, gömrük orqanları üçün yüksək ixtisaslı kadrların hazırlanması, əməkdaşların ixtisasının artırılması və gömrük işi sahəsində elmi tədqiqatların aparılması məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı əsasında təsis edilən və Azərbaycanda ilk peşəkar gömrük kadrlarını hazırlayacaq bu ali təhsil müəssisəsinin peşə biliklərinin daha dərindən mənimsənilməsi, nəzəri və praktiki vərdişlərin aşılanması işində müstəsna rol oynayacağına əminliyini ifadə edib.

Səmimi qəbula və ətraflı məlumata görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən ATƏT-in Bakı Ofisinin Layihə Əlaqələndiricisi Aleksis Şaxtaxtinski müstəqil Azərbaycanın gömrük orqanlarının inkişaf tendensiyasından razılığını ifadə edib, ATƏT-in Bakı Ofisi ilə gömrük xidməti arasında əməkdaşlığın gələcək perspektivlərindən danışıb.

Görüşdən sonra qonaqlar Dövlət Gömrük Komitəsində “Hədəf” Mərkəzinin fəaliyyətilə tanış olublar. Bildirilib ki, BMT İnkişaf Proqramının Azərbaycan Gömrük Xidmətinin təkmilləşdirilməsi layihəsi üzrə yaradılan Mərkəzin məqsədi ölkənin gömrük-buraxılış məntəqələrində, eləcə də daxili gömrük orqanlarında, hava limanında və dəmir yolunda həyata keçirilən gömrük prosedurlarını vahid mərkəzdən müşahidə etməkdir. Bu görüntülər yerlərdə quraşdırılan 1000-dək kamera vasitəsilə birbaşa Mərkəzə ötürülür və buradakı 20 monitorla izlənilir.

Bundan başqa, gömrük rəsmiləşdirilməsi zamanı yerli gömrük orqanlarında fiziki və hüquqi şəxslərə dair qeydə alınan məlumatlar, o cümlədən, nəqliyyat vasitələrinin texniki göstəriciləri də “on-layn” şəklində “Hədəf” Mərkəzinə daxil olur. Bütün bunlar, ölkənin gömrük ərazisindəki giriş və çıxış məntəqələrində sərnişin və yükdaşımalarına gömrük nəzarətini artırmağa, həm də bu nəzarəti daha çevik və mütəşəkkil qaydada həyata keçirməyə imkan yaradır.

O da nəzərə çatdırılıb ki, “Hədəf” Mərkəzinə daxil olan videogörüntülərlə yanaşı, yük-nəqliyyat vasitələrinin nəzərdə tutulan ünvana hərəkət istiqamətlərini də elektron tabloda izləmək mümkündür. “Hədəf” Mərkəzində hava yolu ilə hərəkət edən sərnişinlərin kimliyi, həmçinin gün ərzində rəsmiləşdirilən yük-gömrük bəyannamələrinin sayı barədə də bilgilər əldə etmək olar.

Naibə QURBANOVA


Müəllif: