Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənin Qazaxıstanda qəzaya uğraması nəticəsində həlak olanların cənazələrinin sabah - dekabrın 26-da Azərbaycana göndəriləcəyi bildirilir.
Bunu Teleqraf.com-a açıqlamasında Qazaxıstanın Aktau şəhərində fəaliyyət göstərən "Dostluq" Etnomədəni Birliyinin sədri Şəmsəddin Hüseynov deyib.
Onun sözlərinə görə, meyitlər Aktaunun Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin morqundadır: "Hazırda ekspertizalar aparılır, rəylər hazırlanır. Bu prosedurların gecə ərzində başa çatdırılması və cənazələrin sabah Azərbaycana yola salınması planlaşdırılır".
Hazırda Aktaunun mərkəzi xəstəxanasında olduğunu söyləyən diaspor rəhbəri bildirib ki, tibb müəssisəsində 29 nəfər müalicə alır: "Onlardan 11 nəfərin vəziyyəti ağırdır və reanimasiya şöbəsinə yerləşdiriliblər. Onların hansı ölkə vətəndaşları olduqlarını tam dəqiqləşdirmək mümkün olmayıb. Çünki bəziləri danışa bilmir".
S.Hüseynov söyləyib ki, həkimlər yaralılara bütün yardımları göstərirlər: "Həkimlər əllərindən gələni edirlər. Azərbaycandan gələn həkimlər də buradadır. Eyni zamanda Qazaxıstanın başqa şəhərlərindən də Aktauya həkimlər gətirilib. Azərbaycanlı və qazaxıstanlı həkimlər müalicəni birgə aparırlar. Dərman baxımından problem yoxdur. Qan lazım olur, onu da Aktau sakinləri könüllü şəkildə gəlib verirlər. Onlara bütün yardımlar göstərilir".
Xatırladaq ki, bu gün Qazaxıstanın Aktau şəhərində "AZAL"-a məxsus təyyarə qəzaya uğrayıb.
Hadisə nəticəsində 38 nəfər həlak olub.