"Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarə son həftələrdə Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ukrayna pilotsuz uçuş aparatları ilə mübarizə apardığı ərazidə uçurmuş.
Teleqraf.com-un xəbər verir ki, bunu ABŞ-ın “The Wall Street Journal” nəşri AZAL təyyarəsinin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə bağlı məqaləsində yazıb.
Bildirilib ki, bəzi aviasiya ekspertləri Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin qəza yerindən yaydığı kadrlarda təyyarənin quyruğundakı izlərin mümkün raket hücumu və ya hava hücumundan müdafiə sistemlərinə bənzədiyini irəli sürüblər.
“Osprey Flight Solutions” aviasiya təhlükəsizliyi şirkətinin kəşfiyyat direktoru Mett Bori deyib ki, təyyarənin görüntüsü və Rusiyanın cənub-qərbindəki hava təhlükəsizliyi şərtləri, təyyarənin vurulma ehtimalını artırır.
O qeyd edib ki, videolarda görünən zərər nümunəsi "quşlarla toqquşma" versiyası ilə uyğun gəlmir, lakin bu ehtimalı təsdiqləmək üçün əlavə məlumatlara ehtiyac var.
Nəşr yazır ki, Rusiya hökuməti adətən bu dronlara qarşı müdafiə üçün Pantsir-S1 (NATO hesabat adı SA-22) zenit raket komplekslərindən istifadə edir. Pantsir-S1-in uçuş məsafəsi yüksəklikdə təyyarəni vurmağa imkan verir.
"Bu sadəcə bir versiyadır. Araşdırmanın nəticələrinə əsasən yekun qərar veriləcək", - məqalədə bildirilib.
Qeyd edək ki, bu gün Aktau şəhəri yaxınlığında AZAL-a məxsus Bakı-Qroznı reysini yerinə yetirən təyyarə qəzaya uğrayıb. Qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.