Qazaxıstan Baş naziri Oljas Bektenov Aktau yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar Azərbaycanın Astana səfirliyində açılan xatirə kitabına qeyd yazıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin mətbuat xidmətindən bildirilib.
"Bu çətin məqamda Qazaxıstan hökuməti adından və şəxsən öz adımdan həlak olanların ailələrinə, yaxınlarına dərin hüznlə başsağlığı verirəm. İtki ağrısını bölüşərək, təyyarə qəzasında xəsarət alanlara tezliklə sağalmağı, Azərbaycan xalqına isə səbr diləyirəm. Biz qardaş Azərbaycana müvafiq yardım və hərtərəfli dəstək göstərəcəyik", - O.Bektenov qeyd edib.
Həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Qazaxıstan hökumətinin başçısı daha əvvəl həlak olan qazaxıstanlıların yaxınlarına başsağlığı verib, həmçinin Azərbaycan, Rusiya və Qırğızıstanın zərər çəkmiş bütün vətəndaşlarına hərtərəfli dəstək göstərməyi tapşırıb.
Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.
Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.
Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.