27 Dekabr 15:09
218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pilotlar uçuş idarəetmə sisteminə nəzarəti itirdikdən sonra təyyarəni yalnız dartı mühərriklərinin gücü hesabına yerə endirməyə çalışıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə B.Britaniyanın "The Times" nəşrində dərc olunan məqalədə qeyd edilib.

Yazıda təyyarənin əvvəlcə Minvoda, daha sonra Mahaçqalaya enməyə çalışdığı bildirilib.

Lakin, ekipaja hava şəraiti ilə əlaqədar olaraq, bu yerlərə eniş imkanı verilməyib və naməlum səbəbdən pilotlara Xəzər dənizinin əks sahilində, xeyli aralıda yerləşən Aktauya getmələri əmr olunub.

Məqalədə qeyd olunub ki, ekspertlər pilotun dispetçerlərlə danışıqlarının Rusiyada dərc edilmiş stenoqramını öyrəndikdən və videonu izlədikdən sonra təyyarənin raketlə vurulduğu qənaəetinə gəliblər.

Mütəxəssislərin fikrincə, qəzadan əvvəlki və sonrakı videolar qəlpələrin təyyarənin arxa hissəsini deşərək onun qanadlarında və quyruq hissəsində olan hər üç paralel hidravlik sistemi sıradan çıxardığını göstərir.

Bu səbəbdən pilotların təcili eniş zamanı çox böyük çətinliklərlə üzləşdikləri vurğulanıb.

Bənzər idarəetmə üsulunda 1989-cu ildə "United Airlines" 232 saylı uçuş ekipajı tərəfindən də istifadə olunub.

Həmin vaxt Ayova ştatı yaxınlığında hidravlik nasazlıq səbəbindən qəzaya uğrayan təyyarədə olan 296 nəfərdən 184-ü sağ qalıb.

“Deyəsən, azərbaycanlı pilotlar da eyni şeyi etməyə çalışıblar. Videoda heç bir hidravlik sistemin olmadığı və spoylerlərin açılmadığı görünür”, - amerikalı pilot və aviasiya eksperti Xuan Braun bildirib.

Qeyd edək ki, dekabrın 25-də Bakıdan Çeçenistanın paytaxtı Qroznıya uçan Azərbaycan Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb.

Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub.

Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.


Müəllif: Ceyhun Ağazadə

Oxşar xəbərlər