28 Dekabr 15:49
2 472
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstanda AZAL-ın qəzaya uğrayan təyyarəsində həlak olan ekipaj üzvü Hökümə Əliyevanın atası Cəlil Əliyevlə Bakıda görüşdük. Bu faciəli və hüznlü günlərdə həm də ləyaqət və cəsurluq simvoluna çevrilmiş bir qadını böyüdüb başa çatdıran ataya bir neçə sual ünvanladıq.

Teleqraf.com Cəlil Əliyevlə söhbəti təqdim edir.

- Cəlil müəllim, bildiyimizə görə, mərhum qızınızın cənazəsi bu axşam Azərbaycana gətiriləcək. Zaman konkretləşibmi?

- Qızımın nəşi bu gün saat 17:00 və 19:00 arası Azərbaycana gətiriləcək. Prezident İlham Əliyevin göstərişinə əsasən, Hökümə ll Fəxri xiyabanda dəfn ediləcək.

- Hökümə xanım ölümlə üz-üzə olanda belə sərnişinlərə "Hər şey yaxşı olacaq" deyib onlara təsəlli verməyi bacardı...

- Cəsur qızıydı, dediyi sözü yerinə yetirməyi bacaranıydı. Ali məktəbə repetitor yanına getmədən, özü çalışaraq daxil olmuşdu. Həmişə öz üzərində işləyirdi. 612 balla Bakı Dövlət Universitetinin hüquq fakültəsini daxil oldu, oranı yüksək nəticə ilə bitirdi. Sonra magistratura təhsili aldı, doktorantura pilləsinə qəbul oldu. Dünyanı gəzməyi çox sevirdi. Təyyarə bələdçisi kimi yüzdən çox ölkəyə gedib gəlmişdi. Hər dəfə hansısa ölkəyə gedəndə zəng edib soruşurdu: "Ata, sizə nə alım?".

Hava yollarında 2016-cı ildən tərcüməçi kimi fəaliyyətə başladı, sonra stüardessa kimi davam etdi. İndi qızım haqqında keçmiş zamanda danışmaq o qədər çətindir ki...

Prezident İlham Əliyevə təşəkkür edirəm. Xalqımız sağ olsun. Cənab İlham Əliyevdən xahiş edirəm ki, çalışdığım Samux rayonunun Əliuşağı kənd orta məktəbinə və Kəlbəcər rayonundakı 67 nömrəli orta məktəbə qızım Hökümə Əliyevanın adı verilsin. Başqa heç nə istəmirəm... Bir istəyim qızımın adının əbədiləşməsidir.

Mən özüm Samux rayonunun Əliuşağı kənd orta məktəbində Azərbaycan dili müəllimi işləyirəm.


- Hökümə xanım məktəbdə necə şagird idi?

- Gəncə şəhər Veysəlov adına 30 nömrəli tam orta məktəbin rus bölməsində təhsil almışdı. Heç vaxt heç bir problemi olmamışdı, müəllimləri həmişə onu tərifləyirdilər. Məktəb illərində iştirak etdiyi olimpiadalarda yüksək nəticə əldə edirdi. Rus, ingilis və fransız dillərini mükəmməl səviyyədə bilirdi. Dediyim kimi, xarici ölkələrdə olmağı çox sevirdi.

- Cəlil müəllim, qızınız ilk olaraq AZAL-da tərcüməçi kimi fəaliyyətə başlayıb, sonra stüardessa kimi davam edib. Onun stüardessa kimi ilk uçuşunu necə xatırlayırsınız? Qızınızı dəstəkləyirdinizmi?

- Düzü, stüardessa olmasını istəmirdim. Öz istəyiydi. Onu nə qədər bu sahədən çəkindirmək istəsəm də, mane ola bilmədim.

- Qızınızın hər uçuşunda valideyn olaraq narahatlıq hissi keçirirdiniz?..

- Adətən, narahatlıq keçirirdik. Hər dəfə səfərdən öncə zəng edib deyirdi ki, ata, filan şəhərə gedirik. Amma bu dəfə telefonla danışanda heç demədi ki, səfərə çıxıram. Səfərdən əvvəlki gün axşam saatlarında danışdıq. Mənim bir nəvəm var, onun adı da Cəlildir. Ona "ömrüm" deyirdi. Onunla həmin gün iki-üç saat danışdı.

Hökümə uşaq vaxtı çox arıq qız idi, son vaxtlar kökəlmişdi, daha da gözəlləşmişdi. Elə bil, hər şey ölüm üçünmüş...



- Xasiyyətcə necə insan idi, ata kimi qızınızı necə xarakterizə edərsiniz?

- Sakit xatakterliydi. Çox danışmağı sevməz, öz işi ilə məşğul olardı. Çətin situasiyalardan tək çıxmağı xoşlayardı. Kiminsə əleyhinə danışanda xoşuna gəlməzdi. Məni çox sevirdi. Qız uşaqları atalarına bağlı olurlar. Ölənə qədər, ürək nə qədər dözəcək bilmirəm, hər zaman qəlbimdə yaşayacaq.

- Stüardessa kimi fəaliyyəti dövründə təyyarədə hansısa problem yaşamışdımı?

- Xeyr, heç bir problem olmamışdı. Yaxın zamanlarda AZAL-da hüquqşünas kimi fəaliyyətə başlayacaqdı.

Hökümə universiteti bitirdikdən sonra iki il Goranboy rayon Dövlət Sosial Müdafiə Fondunda hüquqşünas işləmişdi. Dövlət işçisi idi. Hava Yollarında da ona bildirmişdilər ki, sizi hüquqşünas kimi işə qəbul edək. O isə cavab vermişdi ki, dünyanı gəzmək istəyir.

- Qızınızın stüardessa kimi fəaliyyətə başlamısının ilk həyacanını necə xatırlayırsınız?

- Mənə deyirdi ki, ata, hər şey yaxşıdır və çox sevinirdi ki, ilk dəfə Parisə gedir. Dünyanın çox ölkəsində olmuşdu.

- Mətbuatda bildirildiyinə görə, iki il qabaq ailə qurub.

- Xeyr, qızım üç il dörd aydır ailə qurmuşdu.

- Həyat yoldaşı hansı sahədə çalışır?

- Mühasib işləyirdi, hazırda işsizdi.

- Hökümə xanımın gələcək arzuları nə idi?

- Öz üzərində çox çalışırdı. "28 May" metrosu ətrafında bir otaqlı təzə mənzil almışdı. Arzusu orada xoşbəxt yaşamaq idi, amma qismət olmadı. Şəhərin mərkəzini çox sevirdi. Deyirdi ki, bir ev də alıb, hüquqşünas kimi fəaliyyət göstərəcək. Heç kimin işinə, həyatına müdaxilə etməzdi, öz işiylə məşğul olardı.

- Rəfiqəsi Hökümə xanımın yanaraq ölməkdən qorxduğunu açıqladı. Bu haqda sizinlə danışmışdı?

- Bu haqda bizimlə çox danışmazdı. Amma bilirəm ki, hər zaman qocalmaqdan və yanaraq ölməkdən qorxurdu.

Foto: Elnur Muxtar


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər