28 Dekabr 17:18
1 131
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Hava Yolları"nın (AZAL) sərnişin təyyarəsi Aktauda (Qazaxıstan) yerə çırpılmazdan əvvəl içəridə xaos, panika və şok hökm sürüb. Təyyarədə olan 67 nəfərdən yalnız 29-u, o cümlədən bələdçilər Zülfüqar Əsədov, Aydan Rəhimli və sərnişin Sübhanqul Rəhimov salamat qalıb.

Teleqraf.com xəbər verir ki, onlar olayla bağlı təəssüratlarını ABŞ-ın “Nyu-York Tayms” qəzeti ilə bölüşüblər.

Əsədovun sözlərinə görə, “Embraer 190” təyyarəsi üç dəfə Qroznıya enməyə cəhd eləsə də, rədd cavabı verildiyi üçün baş tutmayıb. Bələdçi təyyarənin ətrafında qəribə gurultu eşidib, sonra əlinin kəsildiyini görüb.

Bakıda xəstəxana çarpayısında uzanan Əsədov “Allaha şükür, sağam” deyir.

Rəhimli iki partlayış səsi eşitdiyini, ardınca qəlpələrin içəri dəydiyini xatırlayır. O, Əsədova qolunu dəsmal ilə sarmağa kömək edib.

Sərnişin Sübhanqul Rəhimov söyləyir ki, təyyarə vurulandan sonra sərnişinlər dua etməyə başlayıblar:

“Elə bilirdim ki, bu, mənim son duamdır”.

“Flightradar24”-ün məlumatları göstərir ki, uçuşun son 74 dəqiqəsində təyyarənin şaquli sürəti 100 dəfədən çox dəyişib. Narahatedici səslər gəlməyə başladıqdan sonra təyyarə sonda qəzaya uğrayıb, ön hissəsi ciddi zədələnib və gövdədən ayrılıb.

Sağ qalanlar qəzadan sonrakı anı yaralıların iniltiləri ilə kəsilən sükut kimi təsvir edirlər.

“Başa düşdük ki, enmişik. Bilmədim gülüm, yoxsa ağlayım”, - Rəhimov etiraf edir.

Azərbaycan Hava Yolları dünən bildirib ki, təyyarə xarici müdaxiləyə məruz qalıb. ABŞ kəşfiyyat xidmətləri təyyarənin Rusiyanın zenit sistemi, ehtimal ki, yer-hava raketi ilə vurula biləcəyini ehtimal edir. Bakıdakı şahidlər Rusiyanın “Pantsir-S1” zenit sistemlərinin səbəb ola biləcəyini deyirlər.

Əsədovun qızı Könül atasının sağ qalmasına inana bilmədiyini etiraf edir:

“Düşündüm ki, məni aldadırlar, belə bir şeydən salamat çıxa bilməz”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər