Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarənın Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan stüardessa Hökumə Əliyeva Azərbaycan tarixində Milli Qəhrəman adı verilən üçüncü qadındır.
Teleqraf.com xəbər verir ki, bundan əvvəl jurnalist Salatın Əsgərova və hərbi həkim Gültəkin Əsgərova Milli Qəhrəman adına layiq görülüblər.
Salatın Əziz qızı Əsgərova Birinci Qarabağ müharibəsi şəhididir. 1991-ci il yanvarın 9-da Laçından Şuşaya yollanarkən Qaladərəsi kəndi yaxınlığında Ermənistan Silahlı Qüvvələri tərəfindən 29 yaşında qətlə yetirilib.
Gültəkin Məlik qızı Əsgərova da Birinci Qarabağ müharibəsi şəhididir. O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Ağdamın Aranzəmin yüksəkliyi uğurunda gedən döyüşdə 31 yaşında şəhid olub.
H.Əliyeva isə təyyarə qəzasında həlak olanda 33 yaşında idi.
Qeyd edək ki, Prezident İlham Əliyev dekabrın 29-da AZAL-a məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən qəzaya uğraması nəticəsində həlak olan ekipaj üzvləri - İqor İvanoviç Kşnyakin, Aleksandr Georgiyeviç Kalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi barədə sərəncam imzalayıb. Onlar qəza zamanı xidməti vəzifələrinin yerinə yetirilməsində, sərnişinlərin həyatının xilas edilməsində yüksək peşəkarlıq, şücaət və fədakarlıq göstərdiklərinə görə təltif ediliblər.
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan Azərbaycam Hava Yollarına (AZAL) məxsus “Embrarer 190” tipli sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhərindən bir neçə kilometr aralıda qəzaya uğrayıb. Hava gəmisində Azərbaycan, Rusiya, Qırğızıstan və Qazaxıstandan olan 62 sərnişin, həmçinin 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər, o cümlədən 2 ekipaj üzvü sağ qalıb. Yaralılardan bəzilərinin vəziyyəti ağırdır.
Hadisənin ilk günündən təyyarənin Rusiya hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğuna dair xəbərlər yayılırdı. Dekabrın 26-da bu versiya öz təsdiqini tapıb. İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı-Qroznı marşrutu ilə hərəkət edən AZAL təyyarəsi Qroznı şəhərinə yaxınlaşarkən Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemindən istifadə edilməklə hücuma məruz qalıb. Üstəlik, Rusiya tərəfinin elektron döyüş sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu duruma görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib, yalnız Xəzər dənizi hövzəsində görünüb.
Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı əsnasında V.Putin dekabrın 25-də Bakı-Qroznı marşrutu üzrə uçuş yerinə yetirən “Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Rusiyanın hava məkanında fiziki-texniki xarakterli kənar müdaxiləyə məruz qalması və nəticədə baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib, bu qəzada həlak olanların ailələrinə və yaxınlarına dərin və ən səmimi başsağlığını bir daha çatdırıb, xəsarət alanların tezliklə şəfa tapmasını dilədiyini deyib.
AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı Azərbaycan və Qazaxıstanda cinayət işi açılıb. Hər iki ölkənin hökumətləri təyyarə qəzasının səbəblərini araşdırmaq üçün komissiyalar yaradıb. Sahə tədqiqatları Azərbaycanın aviasiya administrasiyası ilə əməkdaşlıq çərçivəsində aparılır.