14:34
880
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran və Rusiya prezidentləri Məsud Pezeşkian və Vladimir Putin bu gün Moskvada “Hərtərəfli Strateji Əməkdaşlıq Sazişi”ni imzalayacaqlar. Bu müqavilə yüksək vəzifəli rəsmilər arasında üç illik gərgin danışıqlar və mübadilələrin nəticəsidir və Tehranla Moskva arasında müxtəlif sahələrdə əlaqələri gücləndirmək üçün ümumi iradəni əks etdirir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al Arabiya” yazıb.

Nəşr qeyd edib ki, saziş giriş və 47 maddədən ibarətdir, enerji, nəqliyyat, müdafiə, təhlükəsizlik və iqtisadiyyat kimi həyati əhəmiyyətli sahələrdə ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədi daşıyır:

“Tehran sazişi xarici siyasətində strateji dəyişiklik, xüsusilə Qərbin təzyiqi və ABŞ sanksiyaları qarşısında Şərqlə əlaqələrin genişləndirilməsinin təsdiqi kimi qiymətləndirir.

Dəqiq təfərrüatlar hələ tam dərc edilməsə də, müqavilənin əsas xüsusiyyətlərindən bəziləri aşağıdakı sahələrə işarə edir:

Enerji

Neft-qaz yataqlarının işlənməsinə, texnologiyanın ötürülməsinə və neft-kimya sektorunda əməkdaşlığın genişləndirilməsinə birgə investisiyalar qoyulur.

Nəqliyyat

Şimal-Cənub dəhlizinin tamamlanması, nəqliyyat infrastrukturu vasitəsilə ticarətin asanlaşdırılması, dəmir yolu xətləri və dəniz zolaqlarının gücləndirilməsi ən mühüm istiqamətlərdir.

Müdafiə və təhlükəsizlik

Hərbi əməkdaşlığın inkişaf etdirilməsi və müdafiə texnologiyalarının ötürülməsi.

İqtisadiyyat

İkitərəfli ticarət genişlənəcək, əməliyyatlarda dollardan asılılıq azalacaq, sanksiyalara qarşı çıxmaq üçün bank əməkdaşlığı gücləndiriləcək.

Qərbin narahatlığı

Saziş indidən Qərbin sərt reaksiyaları ilə üzləşib. Çünki Qərb analitikləri bunu Yaxın Şərq və Mərkəzi Asiyada Amerika və Avropa ilə qarşıdurma üçün bir addım hesab edirdilər.

Qərb ölkələri qorxurlar ki, İran və Rusiya arasında xüsusilə hərbi və enerji sahələrində əlaqələrin gücləndirilməsi Moskva və Tehrana qarşı beynəlxalq sanksiyalar rejimini zəiflədəcək.

Həmçinin hesab edirlər ki, Şimal-Cənub dəhlizi kimi layihələrdə Rusiyanın rolunun gücləndirilməsi, yəni İranın Avrasiya bazarlarına çıxışı, Rusiyanın körfəz və Oman dənizindəki isti sulara çıxışı və enerji ixracı imkanları deməkdir, buda qeyri-Qərb marşrutları vasitəsilə regionda iqtisadi və geosiyasi sistemə problem yarada bilər.

İranın məqsədləri

İranın məqsədlərinə gəlincə, Tehran bir neçə əsas məqsədə nail olmağa çalışır:

Sanksiyalara qarşı çıxmaq: Qərbdən asılılığı azaltmaq və ABŞ sanksiyalarından yan keçmək üçün Rusiyanın dəstəyindən istifadə etmək

Hərbi gücün artırılması: Rusiya ilə hərbi əməkdaşlıq, o cümlədən qabaqcıl silahların alınması və texnologiya transferi

Regional təsirin artırılması: Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqazdakı regional məsələlərdə Rusiyanın dəstəyindən faydalanmaq

İqtisadiyyatın inkişafı: ticarətin genişləndirilməsi və infrastruktura investisiyaların cəlb edilməsi”.

Nəşrin fikrincə, həm İran, həm də Rusiya Qərbin onlara qarşı tətbiq etdiyi sanksiyalara görə böyük problemlərlə üzləşir ki, bu da iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinə böyük təsir göstərir:

“Bu müqavilənin imzalanması İranın xarici siyasət strategiyasını dəyişməyə çalışdığı bir vaxta təsadüf edir, belə ki, nüvə sazişinin iflası və ABŞ-nin sərt sanksiyaları Tehranı Rusiya və Çin kimi Şərqdən olan tərəfdaşlarla strateji əməkdaşlığa keçməyə sövq edib.

Bununla belə, bu tərəfdaşlıq problemsiz olmayacaq, xüsusən də İran daxilindəki bəzi partiyalar Rusiyaya həddən artıq güvənməklə bağlı narahatlıqlarını dilə gətiriblər.

Rusiyanın Qərbin sanksiyaları qarşısında üzləşdiyi məhdudiyyətlər və ticarət təşviqləri bu cür əməkdaşlığın təsirini müəyyən edə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər