Azərbaycan Səhiyyə Nazirliyi və TƏBİB-in açıqlamasına əsasən, bu gün Azərbaycanda 1 nəfərdə meymunçiçəyi xəstəliyi aşkarlanıb. Laborator müayinələrdən sonra meymunçiçəyi virusuna yoluxduğu təsdiqlənən şəxs hospitalizasiya edilib və xəstəxana şəraitində müalicə alır. Məlumatda, həmçinin şəxsin ailə üzvlərində xəstəlik əlamətlərinin olmadığı açıqlanıb.
Virusun dünyada yayıldığını nəzərə alsaq, statistik rəqəmlərin yüksəlmə ehtimalı qaçılmazdır.
Teleqraf.com xəbər verir ki, "Meymunçiçəyi" olaraq tanınan “Mpox” virusu ilk növbədə fiziki təmasla yayılır. Bu xəstəlik, qripə bənzər əlamətlərlə başlayaraq, dəridə irinli yaralar əmələ gətirir və adətən, yüngül keçir, lakin bəzən ölümcül də ola bilər. Uşaqlar, hamilə qadınlar və immuniteti zəif olan şəxslərdə bu xəstəliyə tutulma riski daha yüksəkdir. "Meymunçiçəyi" virusu adətən Mərkəzi və Qərbi Afrikada müşahidə edilən nadir bir xəstəlikdir. Lakin, 2022-ci ildən etibarən bu xəstəlik, əvvəllər yayılmayan ölkələrdə, o cümlədən ABŞ və Avropada da qeydə alınmağa başlanıb.
"Meymunçiçəyi" virusuna yoluxma, yoluxmuş insan və ya heyvanla yaxın təmas nəticəsində mümkündür. Virusun simptomları təmasdan sonra 3-17 gün ərzində baş verə bilər və adətən 2-4 həftə davam edir.
Meymunçiçəyi bədən mayeləri ilə birbaşa təmasla da yayıla bilər. Virus, həmçinin yoluxmuş şəxsin yataq dəstləri, paltar və dəsmal kimi əşyalarına toxunmaqla da yayılır.
İlkin simptomlar arasında hərarət, baş ağrısı, şişlik, bel və əzələ ağrıları yer alır.
Bu infeksiya adətən, öz-özünə sağalır və təxminən 14-21 gün davam edir. Ağır hallarda isə səpkilər bütün bədənə, xüsusən ağız, göz və cinsiyyət orqanlarına yayıla bilər. Yoluxmuş şəxslə yaxın təmasda olmaq virusun insandan insana keçməsinə səbəb olur. Bu cür təmaslara cinsi əlaqə, dəri təması, yoluxmuş şəxsin yanında danışmaq və ya nəfəs almaq daxildir.
Virus açıq yaralar, tənəffüs yolları, göz, burun və ya ağız vasitəsilə də ötürülə bilər. Həmçinin meymun, siçovul və dələ kimi yoluxmuş heyvanlarla sıx təmas da insanlar üçün risklidir.