Ermənistan hökuməti Rusiya sərhədçilərini Türkiyə ilə sərhədlərdən çıxarmaq niyyətindədir.
Teleqraf.com xəbər verir ki, bu barədə “Hraparak” məlumat yayıb.
“Hakimiyyətin gündəmində Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsi var. Məsələni Ukrayna münaqişəsi üzrə Rusiya-ABŞ danışıqları bitənə qədər həll etmək istəyirlər. Bizə bildirilib ki, Marqara və Ani sektorlarında Rusiya sərhədçilərinin tərkibində xidmət edən erməni sərhədçiləri artıq yeni iş yerləri axtarırlar. Yada salaq ki, hakimiyyət əvvəlcə “Zvartnots”dakı rus sərhədçilərini işə götürməkdən imtina etmişdi, ardınca Ermənistan-İran sərhədində birgə nəzarət yaradıldı. İndi xidmətin tamamilə erməni sərhədçiləri vasitəsilə həyata keçirilməsi perspektivi var. Faktiki olaraq proses davam edir və bu, Ermənistan-Türkiyə sərhədinə çatıb”, - məlumatda deyilir.
Nəşr qeyd edir ki, imzalanmış strateji tərəfdaşlıq haqqında sazişin yerinə yetirilməsi üçün ABŞ-nin sərhəd nəzarət qrupu fevralda Ermənistana gələcək:
“Bu o deməkdir ki, amerikalı mütəxəssislər Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədlərində (Qərbi Zəngəzurda – red.) gömrük və sərhəd nəzarətini idarə edəcəklər. Qonşu İranın buna necə təpki verəcəyini avropalı müşahidəçilərin fəaliyyətinə verilən qiymətlərdən təxmin edə bilərik. Tehran hesab edir ki, Ermənistan İrana qarşı kəşfiyyat məlumatları toplamaq üçün öz ərazisini Qərbə verir”.