Ermənistanın Azərbaycan və digər qonşu ölkələrə qarşı ərazi iddiası yoxdur.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Qonşularımızdan hər hansı birinə qarşı ərazi iddialarımız varmı? Xeyr, bizim heç bir qonşumuza qarşı ərazi iddiamız yoxdur. Üstəlik, mən açıq şəkildə bildirmişəm və bir daha rəsmi şəkildə bildirirəm ki, Ermənistan ordusunun yeganə vəzifəsi Ermənistanın suveren ərazisinin müdafiəsi və təhlükəsizliyidir. Ermənistan ordusunun başqa problemi yoxdur və olmayacaq”, - baş nazir qeyd edib.
Paşinyan xatırladıb ki, artıq Azərbaycan və Ermənistan arasında delimitasiya və demarkasiya ilə bağlı imzalanmış sənəd var.
Həmçinin baş nazir iddia edib ki, Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiası yoxdur.
“De-yure müəyyən edilib ki, konstitusiyamızda Azərbaycana qarşı heç bir ərazi iddiası mövcud deyil”.
Paşinyan əlavə edib ki, Ermənistan Konstitusiya Məhkəməsi bu baxımdan Azərbaycanla müzakirə olunan sülh sazişinin konstitusiyaya uyğunluğunu təsdiqləyib: “Həmçinin parlament tərəfindən ratifikasiya edildikdən sonra, ölkəmiz konstitusiyasının 5-ci maddəsinin üçüncü bəndinə uyğun olaraq, ratifikasiya edilmiş beynəlxalq müqavilələr ilə daxili qanunvericilik arasında ziddiyyət yarandıqda, ratifikasiya edilmiş beynəlxalq müqaviləyə üstünlük verilir. Bununla həmin məsələ həll olunur”.