17:04
327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Anklav gündəminin üstündən adlayıb keçə bilmərik.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan mətbuat konfransında məlumat verib.

“Desəm ki, anklav gündəmi yoxdur, bu, Ermənistanda cinayət məsuliyyəti üçün əsasdır, çünki Ermənistanın Artsvaşen (Gədəbəy rayonu ərazisindəki Başkəndi nəzərdə tutur – red.) şəklində "suveren ərazisi" var, ondan imtina edə bilmərik. Yəni Azərbaycan anklav mövzusunu qaldırıb-qaldırmasa da və ya qaldırıb-qaldırmamasından asılı olmayaraq, anklav mövzusu gündəmdə olacaq. Bu mövzu istər-istəməz müzakirələrimizin sferasında olacaq və hər birimiz öz arqumentlərimizlə çıxış edəcəyik”, - baş nazir bildirib.

Paşinyan “xəritə”də Başkəndi simvolizə edən kiçik hissəni də göstərib.

Qeyd edək ki, Ermənistan Başkəndin “Azərbaycan ərazisində ona məxsus anklav” olduğunu iddia edir.

Başkənd Azərbaycanın Gədəbəy rayonunun inzibati ərazi vahidində kənddir. Birinci Qarabağ müharibəsinə kimi ermənilərin məskunlaşdığı kənd idi. 1992-ci ilin 6–8 avqust tarixlərində həyata keçirilən uğurlu əməliyyat nəticəsində ərazi Azərbaycanın nəzarətinə qaytarılıb. Hazırda da Azərbaycanın nəzarətindədir.

Tarixi adı Başkənd və əhalisi azərbaycanlılardan ibarət olan kəndə ermənilər ilk dəfə 1859-cu ildə köçürülüblər.

Başkənd 1920-ci illərdə SSRİ rəhbərliyi tərəfindən qanunsuz olaraq Ermənistana verilib, 1992-ci ilədək “erməni anklavı” kimi qalıb. Ermənistan kəndin adını “Arsvaşen” olaraq dəyişdirmişdi.

Xatırladaq ki, Ermənistan ərazisində Azərbaycana qaytarılmalı olan 4 anklav kənd var. Söhbət Sofulu, Barxudarlı, Yuxarı Əskipara və Kərki kəndlərindən gedir. Məsələnin sərhədlərin müəyyənləşdirilməsi prosesində həll olunacağı ehtimal edilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər