28 Fevral 2015 22:08
3 583
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xocalı faciəsindən 23 il keçib, lakin bu hadisənin şahidi kimi, mənim üçün bu gün də ağırdır. Bu sözləri Litvanın hərbi jurnalisti Riçards Lapaytis AZƏRTAC-a müsahibəsində deyib. Onun sözlərinə görə, həmin dəhşətli günlər indiyədək gözlərinin qarşısındadır. R.Lapaytis o günləri xatırlayaraq deyib:

“Mən vəhşicəsinə öldürülmüş insanların sifətlərini, kişilərin, qadınların, uşaqların eybəcər hala salınmış, başı kəsilmiş cəsədlərini gördüm. O vaxt 23 yaşında idim. İndiyədək başa düşmürəm ki, gördüyüm dəhşət dolu mənzərədən sonra psixoloqun köməyi olmadan necə yaşadım. Yadımdan çıxmayacaq ki, adamlar necə bərk qorxu, vahimə içində idilər.

Uşaqlar, qadınlar ağlayırdılar, hətta belə vəhşiliyi gözləməyən hərbi geyimli kişilər də ağlayırdılar. Məndə eybəcər hala salınmış, o cümlədən başsız, gözləri oyulmuş cəsədlərin fotoları var. Xocalı faciəsi üzrə öz araşdırmasını aparmış “Memorial” hüquq mərkəzi bildirmişdi ki, onlarla cəsədin üzərində təhqir izləri olub. Ağdama göndərilən sanitar qatarının rus həkimləri cəsədlərdən dördünün baş dərisinin soyulmuş, birinin isə başsız olduğunu qeydə almışdılar”.

Jurnalist deyir: “Başa düşürəm, insanlar müharibədə həlak olurlar. Lakin dinc sakinlərin qəsdlə öldürülməsi, işgəncələrə məruz qoyulması, onların cəsədlərinin təhqir olunması əsl vəhşilikdir. Belə vəhşiliklərdən insana olan inam itir”. R.Lapaytis xatırladır ki, həmin günlərdə Ağdam yaxınlığında sanitar qatarında olub. Oraya əl-ayaqları donmuş adamlar gətirilirdi. Həkimlər amputasiya etməyi çatdırmırdılar. Hərbi jurnalist deyir: “Həmin günlərdə Ağdamda olan xarici jurnalistlər də gördüklərindən dəhşətə gəlirdilər.

Təlaş və qorxu içində olan ağdamlıları həm də çaşqınlıq bürümüşdü. Onlar bizdən soruşurdular: “Biz sovet adamlarının təqsiri nədir? Nəyə görə başımıza bu müsibət gəldi? Axı biz ermənilərlə yanaşı yaşayır, dostluq edirdik”. Qeyd etməliyəm ki, Xocalıya hücumdan sonra ermənilər necə vəhşiliklər törətdiklərinin ilk şahidləri olublar. Onlardan bəziləri gördükləri dəhşətli mənzərədən – eybəcər hala salınmış uşaq, qadın cəsədlərindən özlərində deyildilər.

Bəziləri cəsədləri təhqir etməkdən yorulmur, digərləri isə gec də olsa, bu qəddarlığı dayandırmaq istəyirdilər. Bir sözlə, tam psixoloji pozğunluq baş vermişdi. Əminəm ki, ermənilər bu müharibəni uduzublar”.Jurnalist deyir ki, Vilnüsə qayıtdıqdan sonra Xocalı qırğını haqqında məqalə yazmaq qərarına gəlib. “Həmin vaxt Litvada çıxan qəzetlər sadəcə inana bilmirdilər ki, yaşadığımız dövrdə bu cür faşizm təkrarlanıb, özü də ermənilər tərəfindən. Odur ki, hazırladığım materialı dərc etmək istəmədilər.

Bu gün Ukrayna hadisələri fonunda başa düşürük ki, ədalətsizliyin tərəfində dayanmaq olmaz. Əgər Avropa 1990-cı illərdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına öz münasibətini bildirsəydi və vaxtında qarışsaydı, onda müharibəni dayandırmaq olardı və bu qədər də şikəst edilmiş talelər, qurbanlar olmazdı” – deyə R.Lapaytis fikirlərini bölüşür.

Jurnalistin sözlərinə görə, onun uzunmüddətli cəhdlərindən sonra Xocalı haqqında reportajı Litva telekanalında göstərilib, eyni zamanda erməni diasporu da öz qüvvəsini işə salıb və onu ölümlə hədələyiblər. R.Lapaytis vurğulayıb ki, onu heç nə yolundan saxlaya bilməz. Hər il cəbhə xəttinə gedir, aylarla orada qalır. “Mən Füzulidən Əlibəyliyə qədər gözübağlı gedərəm.

Həmin kəndlərə - Həsənqaya, Qapanlıya gedirəm və görürəm ki, 23 il keçməsinə baxmayaraq, atışmalar, yanğınlar davam edir. Bu şiddətli müharibə Azərbaycanın gələcək nəslinə də təsir edib. O müdhiş günlərdə gənc hamilə qadınlar dünyaya əlil uşaqlar gətiriblər.Bütün bunları gördükdən sonra dərk etdim ki, Qarabağ müharibəsinin ən qorxulu səhifəsi olan Xocalı faciəsi haqqında film çəkmək mənim borcumdur.

Beş il ərzində ərsəyə gəlmiş bu film “Sonu görünməyən dəhliz” adlanır. Ola bilsin ki, gec çəkilmiş bu film qəhrəmanlıq yox, insanlıq borcu, Xocalı soyqırımı qurbanlarının xatirəsinə yandırılan bir şamdır. Çox ümid edirəm ki, hər halda dəhlizin sonunda işıq görünəcək və ədalət qalib gələcək.


Müəllif: