"Bu gün Azərbaycan ictimai, siyasi, idman və mədəni tədbirlərin mərkəzinə çevrilib. Hazırda biz 2015-ci il ilk Avropa Oyunları ərəfəsindəyik, bu il Azərbaycan Avropa Oyunlarını, Avropa idmançılarını qəbul etməyə hazırlaşır".
Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 95 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zaman deyib.
Ə.Həsənov qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti bu gün bölgədə ictimai, siyasi, idman və mədəni tədbirlərin mərkəzinə çevrilib: "Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz, xalqımız gündən-günə öz inkişafını artırır, ölkəmiz modernləşir və dünya dövlətləri sırasında öz layiqli yerini tutur".
O, əlavə edib ki, 2016-cı ildə Dünya Xəbər Agentliklərinin V Konqresi Bakıda keçiriləcək: "Azərbaycan 2016-cı ilin noyabrına qədər bu tədbirə hazırlıqlarını başa çatdıracaq".
Ə.Həsənov əmin olduğunu bildirib ki, qonaqlar Azərbaycandan xoş təəssüratla geri qayıdacaqlar: "Azərbaycana müxtəlif ovqatla gəlmisiniz. İstəyirəm ki, Azərbaycan xalqının qonaqpərvərliyi və digər ənənələrini görəsiniz, bu ölkəni Azərbaycanın dostları kimi tərk edəsiniz".
PA rəsmisi bildirib ki, bu gün Bakıda iki mühüm hadisənin şahidi oluruq: "Bunlardan biri AZƏRTAC-ın yaranmasının 95 illiyi, digəri isə Dünya Xəbər Agentlikləri Konqresi Şurasının iclasıdır".
O, qeyd edib ki, xəbər agentlikləri hadisələrin yazılı salnamələrini yaradır: "Azərbaycanın ən fədakar jurnalistləri AZƏRTAC-da çalışanlardır. Bu agentlikdə çalışan jurnalistlər Aslan Aslanovun rəhbərliyi ilə 20 ildir ki, Azərbaycanın ictimai-siyasi həyatının salnaməsini yazırlar. Prezident AZƏRTAC-ın fəaliyyətini yüksək qiymətləndirərək bir neçə dəfə bu agentliyin əməkdaşlarını təltif edib.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru “Vətənə xidmətə görə” və “Şöhrət” ordeni ilə təltif olunub. AZƏRTAC-ın digər əməkdaşları da müxtəlif adlara layiq görülüb, mənzillə təmin ediliblər. Agentliyin bütün kollektivinə bu yolda uğurlar arzulayıram. Azərbaycan Prezidenti və hakimiyyəti həmişə sizin qayğınızı çəkəcək".