Ermənilər harada və hansı şəraitdə yaşamalarından asılı olmayaraq hələ beşikdə ikən onlara düşmən obrazı kimi təlqin edilən türklərə nifrət hissini gizlətmirlər.
Teleqraf.com AZƏRTAC-a istinadən xəbər verir ki, martın 2-də Türkiyənin Fransadakı səfiri Hakkı Akılın Parisin Dekart Universitetinin tələbələri ilə görüşündə qondarma “erməni soyqırımı” məsələsindən bəhs edərkən, auditoriyadakı gənclərdən biri səfirin çıxışında səsləndirdiyi fikirlərə etiraz əlaməti olaraq, gözlənilmədən səfirin üzərinə nar şirəsi tullayıb.
Təhlükəsizlik əməkdaşları tərəfindən tutularaq polisə təhvil verilən gəncin şəxsiyyəti aydınlaşdırılıb. Fransada yaşayan erməni mənşəli Tad adlı gəncin bu ölkədə fəaliyyət göstərən Daşnakstyun partiyasının nəzdindəki “Nor Seround” gənclər təşkilatının üzvü olduğu bəlli olub.
Polis tərəfindən saxlanılan gənc erməni Nanter məhkəməsinin qərarı ilə 48 saatdan sonra azadlığa buraxılıb. Səfirin müraciətindən sonra onun yenidən məhkəmə qarşısına çıxarılacağı bildirilib.
Türklərə və azərbaycanlılara qarşı həmişə düşmənçilik münasibətlərini gizlətməyən Daşnakstyun partiyası bu xoşagəlməz məsələni az qala qəhrəmanlıq səviyyəsinə qaldırmağa çalışır.
Fransadakı erməni lobbisinin vəsaiti hesabına gündəlik nəşr olunan “Ermənistan xəbərləri” jurnalının martın 5-də dərc olunan “Türkiyə səfirliyi. Nor Seround işi: Fransa Ermənilərinin Məsələsi Partiyası həmrəylik nümayiş etdirir” sərlövhəli məqalədə Daşnakstyun partiyası erməni gəncin insanlığa yaraşmayan bu hərəkətini təqdir edir. Hətta bir qədər irəli gedərək gəncə haqq qazandırır. Guya gəncin ulu babalarının və nənələrinin türklər tərəfindən “qətlə” yetirilməsi kimi heç bir həqiqətə uyğun gəlməyən cəfəng fikir ortalığa atır, məhkəmə kürsüsündə gəncin deyil, “ermənilərə qarşı soyqırımı törədən” türklərin əyləşməsi kimi, gülünc fikri irəli sürməkdən çəkinməyiblər.
Bir növ çağırış kimi səslənən məqalədə Daşnakstyun partiyası bu çətin vaxtlarda gənc erməni fəalının, onun ailəsinin təşkilat və bütün erməni xalqı tərəfindən dəstəkləndiyini bəyan edib.
Xatırladaq ki, “Nor Seround” gənlər təşkilatının üzvləri ölkəmizlə bağlı Parisdə keçirilən tədbirləri dəfələrlə pozmağa cəhd göstəriblər və hər dəfə də onların bu cəhdlərinin qarşısı alınıb.