7 Mart 2015 16:38
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Novella Cəfəroğlu: “İşçi Qrupun toplantısı olacaq”

“Hər il Novruz bayramı münasibətilə əfv fərmanı verilir. Ümid edirik ki, bu dəfə də çoxlu sayda məhbus ailəsi sevinəcək”.

Bunu D.Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Hüquq müdafiəçisi bildirib ki, hazırda bu istiqamətdə danışıqlar aparılır: “Çalışırıq ki, siyahımızda olan məhbusların azadlığa çıxması və bütövlükdə siyahının dəstəklənməsi üçün addımlar ataq. Bu məqsədlə görüşlər keçiririk, fikir mübadiləmiz olur. Bundan savayı, prezident yanında Əfv Komissiyasının üzvləri ilə bir-bir görüşürük. Əlbəttə, bizim siyahımızda olanlar azadlığa çıxdıqdan sonra məhkəmə sistemi ilə bağlı fəaliyyətimiz olacaq. Həm də nəzərə alın ki, bizim işimiz təkcə problemli məhbuslarla bağlı deyil. Ölkədə yüzlərlə hadisə olur, kimlərsə hüquqlarının pozulduğu haqda bizə müraciətlər edirlər. Biz də çalışırıq, bu məsələlərə diqqət edək. Odur ki, biz məhkəmə və prokurorluq orqanlarında islahatların aparılmasına dair məsələləri də qaldıracağıq”.

Hüquq müdafiəçisi əlavə edib ki, əfvlə bağlı onlara çoxlu insanlar müraciət edir: “Çoxu da məhbusların ailə üzvləri, yaxınlarıdır. Hətta cəzaçəkmə müəssisələrindən də zənglər edib maraqlanır, əfvin olub-olmayacağını soruşurlar”.

Hüquq müdafiəçisi daha sonra bildirib ki, Birləşmiş İşçi Qrupunun toplantısının martın 10-15 arasında olacağı haqda xəbər alıb: “Mənə belə informasiya verilib. Həmin iclasda da məhbus məsələsi müzakirə ediləcək. İndi iclasın keçirilməsini gözləyirik. Bizim işlərimiz hazırdır. Sənədlərimizi hazırlayıb İşçi Qrupuna təqdim etmişik”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər