17 Aprel 2014 10:47
1 853
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin üzvü Aydın Abbasov mətbuatda atası - Rusiya Azərbaycan Təşkilatları İttifaqının rəhbəri Abbas Abbasov və özü barədə yazılanlara reaksiya verib.

Millət vəkili Teleqraf.com-a açıqlamasında bildirib ki, barələrində yazılanlar həqiqətə uyğun deyil.

“Yeni Müsavat”ın bu günkü sayında "Abbas Abbasova növbəti böyük zərbə" başlıqlı yazıda qeyd olunur ki, “Milyarderlər İttifaqı”nın rəhbəri olduqdan sonra rəsmi Bakının təzyiqləri ilə üzləşən A.Abbasovun Azərbaycanda bir sıra biznes layihələri çökdürülüb, onun burdakı yaxın ətrafına ciddi basqılar başlayıb. Bugünlərdə isə A. Abbasovun Gəncə şəhəri üzrə 37 saylı Nizami seçki dairəsindən deputat olan oğlu Aydın Abbasovun bu şəhərdəki obyektləri əlindən alınıb və biznesi tamamilə sıfırlanıb. Aydın Abbasovun doğulduğu şəhərdə böyük biznes imperiyası var idi. Onun biznes imperiyasına elektrik avadanlıqlarının, tikinti materiallarının istehsalı, onların topdan və pərakəndə satış mərkəzləri, tikinti obyektləri, eləcə də atasının Türkiyədəki şirkətlərinin filialları daxil olub. Eyni zamanda deputat Gəncədə fəaliyyət göstərən bir sıra iş adamlarına “krışalıq” edib.

Aydın Abbasov əlavə edib ki, qəzetdə yazılanları oxumayıb: "Müxalifət qəzeti barəmizdə nə yazmalıdır ki? Bizi tərifləyəsi deyil ki?"

"Sizin Gəncədə biznesiniz varmı" sualına millət vəkili belə cavab verdi: "mən cəfəngiyat məlumatları şərh etmirəm".

Abbas Abbasovun oğlu məhkəməyə müraciət etmək istəmədiyini də bildirdi: "Yeni Müsavat" müxalifət mətbuatı da olsa, milli mətbuatımızın bir nümunəsidir. Qəzeti, jurnalisti məhkəməyə vermək istəmirəm. Mənə elə gəlir ki, onlar tirajlarını artırmaq, daha çox oxunmaq üçün Abbas Abbasovdan və məndən yazırlar".

Ruslan


Müəllif: Ruslan Xəlil

Oxşar xəbərlər