Zahid Oruc: “Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı fərqli siyasət yürütməliyik”
“Biz Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə ayrı siyasət yürütməliyik”. Bunu deputat Zahid Oruc Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı səsləndirib. “Biz sabah ağ bayraq qaldıran erməniləri qəbul etməyə hazırıqmı?” - deyə həmkarlarına müraciət edən deputat qeyd edib ki, Azərbaycan əhalisi bu sual üzərində düşünməkdən daha çox, müharibəyə köklənib: “Buna da səbəb Ermənistanın yürütdüyü siyasətdir. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etməliyik”.
Zahid Oruc qeyd edib ki, Andronik Qriqoryana Azərbaycan vətəndaşlığı verilməsi, onun bütün hüquqlarının qorunaraq Dağlıq Qaraba ermənilərinə nümunəyə çevrilməsi vacibdir: “Andranik Qriqoryanın ağ bayraq qaldıraraq Azərbaycan tərəfə keçməsi və söylədikləri bu addımı atmağı zəruri edir. Ermənistan dövləti ilə Dağlıq Qarabağ ermənilərinə qarşı fərqli siyasət yürütməliyik və bu, çox effektiv olacaq. Biz ağ bayraq qaldıran erməniləri qəbul etməyə nə qədər hazır olduğumuzu nəzərdən keçirməliyik. Dağlıq Qarabağ ermənilərini Ermənistan dövlətinin avantürist siyasətindən azad etmək lazımdır. Fikrimcə, biz Rusiyanın Çeçenistanda apardığı siyasəti Qarabağda aparmalıyıq”.
Xatırladaq ki, bəzi deputatlarda Zahid Orucun bu fikirlərini dəstəkləyib və erməni əsirinə vətəndaşlıq verilməsi məsələsini qabardıb. Spiker Oqtay Əsədov isə bu təklifə replica ilə cavab verərək deyib ki, əgər onlara qaçqın statusu verilsə, çox güman ki, Ermənistanda adam qalmaz.
Nemət