8 Aprel 2015 02:25
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

AİPS adı ilə tanınan Beynəlxalq İdman Mətbuatı Assosiasiyası 1924-cü il iyulun 2-də Fransa paytaxtı Parisdə yaradılıb. İlk konqresi də elə həmin vaxt orada keçirilib. Dünyanın tanınmış media qurumlarını və idman jurnalistlərini ətrafına toplayan bu təşkilat sonralar Asiya, Afrika, Amerika və Avropa qitə qurumlarını yaradıb.Azərbaycan İdman Jurnalistləri Assosiasiyasından (AİJA) AZƏRTAC-a bildiriblər ki, hazırda 160-dan artıq ölkənin milli assosiasiyalarını birləşdirən AIPS dünyanın ən qədim və nüfuzlu media təşkilatlarındandır.

AIPS-in təşkilatçılığı ilə ildə bir dəfə müxtəlif ölkələrdə konqreslər keçirilir.2014-cü il aprelin 27-dən mayın 1-dək AİPS-in 77-ci konqresi Bakıda yüksək səviyyədə təşkil edilib. Bu tədbir həm də təşkilatın 90 illik yubileyi ilə üst-üstə düşüb. Konqres iştirakçıları şərəfinə verilən ziyafətdə dövlətimizin başçısı İlham Əliyev parlaq nitq söyləyib. Dörd gün uğurla davam edən konqresin bağlanış mərasimində Azərbaycana təşəkkürünü bildirən AIPS-in prezidenti Canni Merlo və konqres iştirakçıları Bakıdakı tədbiri təşkilatın tarixində ən gözəl ali forumlardan biri adlandırıblar. Beynəlxalq qurumun qaydalarına görə, AIPS-in bayrağı konqresin bağlanış mərasimində növbəti il toplantıya ev sahibliyi edəcək ölkəyə təqdim olunur.

Ötən il Bakıda, 77-ci konqresin sonuncu günündə bayraq Uruqvaya ötürülüb. Qonaq ölkənin nümayəndəsi çıxış edərək, hər kəsi 2015-də Uruqvayda gözlədiklərini deyib. Amma tədbir Uruqvayın paytaxtı Montevideoda keçirilmədi. Uruqvayın idman və turizm naziri erməni əsilli Liliyam Keçiçiyan və ölkənin milli idman jurnalistləri birliyinin prezidenti erməni Pablo Karsiliyan Bakıdan sonra bu tədbiri belə möhtəşəm təşkil edə bilməyəcəklərinı görüb ölkələrindəki iqtisadi böhranı bəhanə gətirərək bu ağır və şərəfli tədbiri keçirməkdən imtina etdilər. Təşkilatın 90 illik tarixində ilk dəfə baş verən bu gözlənilməz hadisə, AIPS rəhbərliyini çətin vəziyyətdə qoydu.

Martın əvvəlində konqresdən əvvəlki gün AİPS-in yarandığı şəhərdə milli assosiasıyaların rəhbərlərinin iştirakı ilə təşkilatın 90 illiyi təntənələrinin davamı nəzərdə tutulmuşdu. Fransa idman jurnalistləri təşkilatının qismən dəstəyi ilə 78-ci konqresin bu tədbirlə birləşdirilməsinə qərar verilib. Beləliklə, konqres Parisdə iki gün keçirildi.Dünya şöhrətli Luvr muzeyində AİPS-in 78-ci Konqresinin başlamasından əvvəl təşkilatın İcraiyyə Komitəsinin toplantısı keçirilib. AİPS prezidenti Cianni Merlo bu işdə yardımçı olan Fransa dövlətinin rəhbərliyinə və ölkənin milli idman jurnalistləri assosiasıyasına minnətdarlığını bildirib. Luvrda dünya idman yazarlarının 78-ci konqresinin açılışı olub.

Tədbirdə yüzdən artıq ölkədən gəlmiş nümayəndə iştirak edib. Səhnədə 78-ci Paris konqresinin loqosu, 1924-cü il iyulun 2-də Parisdə AİPS-in təsis olunduğu ilk toplantıda – boks rinqindəki stolun ətrafında toplanmış idman yazarlarının tarixi fotosu canlandırılıb. Fransa İdman Jurnalistləri Assosiasiyasının prezidenti Jan Mark Mişel, idman üzrə dövlət katibi Terri Braillard çıxış edərək bu il “Charlie Hebdo” satirik qəzeti redaksiyasında on bir jurnalistin qətlə yetirilməsinin Fransa tarixinin, həm də dünya tarixinin ən bədbin səhifələrindən biri olduğunu söyləyib.C.Merlo beynəlxalq təşkilatın məhz boks rinqində təsis olunmasının böyük simvolik məna daşıdığını qeyd edib.

Fransanın dövləti rəsmiləri, beynəlxalq təşkilatların rəhbərləri iştirakçıları salamlayıb. İtaliya idman-rəqs qrupu olan “Kataklo”nun maraqlı çıxışı xoş ovqat bəxş edib.Bir gün sonra Fransa Milli Olimpiya Komitəsində AİPS-in 78-ci konqresi işə başlayıb. Əvvəlcə kontinental bölmələrin yığıncaqları keçirilib.

Sonra gündəlikdə duran məsələlər, təqdimetmə mərasimləri və s. olub. Konqresdə ölkəmizi AİPS üzvləri – AİJA prezidenti, AİPS EUROPE/UEPS İcraiyyə Komitəsinin üzvü Eldar İsmayılov, milli təşkilatımızın birinci vitse-prezidenti Nərgiz Mahmudzadə, “İdman” qəzetinin baş redaktoru Qabil Mehdiyev və AİJA Stolüstü Tennis Komissiyasının sədri Şahin Ələkbərovdan ibarət nümayəndə heyəti təmsil edib. Konqres çərçivəsində Fransa paytaxtının idman qurğuları və tarixi yerləri ilə tanışlıq olub.

Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının gələn ilki 79-cu konqresinin Qətərin paytaxtı Dohada keçiriləcəyi nəzərdə tutulur.


Müəllif:

Oxşar xəbərlər