9 Aprel 2015 16:11
2 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

İŞİD-in tərkibində döyüşən Azərbaycan vətəndaşları məhkəmədə ifadə verməkdən imtina etdilər

Bakı Ağır Cinayətlər Məhkəməsində İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının tərkibində Suriyada Bəşər Əsədə qarşı döyüşlərdə iştirak edən Vilayət Həsənli, Malik Musayev, Samir Həşimov, Vasif Hacıyev, İlkin Babazadə, Mehman Balakişiyev, Azər Qəmbərov, Vüsal Bayramov, ata-oğul Vüqar və Elvin Dursunəliyevlərin cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

Teleqraf.com xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçən prosesdə Azər Qəmbərov dövlət hesabına təyin edilmiş vəkildən imtina edib. Onun ailə üzvləri məhkəmədə Azər Qəmbərovun hüquqlarını müdafiə etmək üçün Vəkillər Kollegiyasının üzvü Qubadəli Rzayevlə müqavilə bağlayıb.

Vüqar Dursunəliyev yenə də məhkəmə tərkibinə etiraz edib. Bildirib ki, hökmü yalnız Allah verə bilər, bundan başqa hökm tanımır. İş üzrə daha bir neçə təqsirləndirilən şəxs də susacaqlarını açıqlayıblar.

Həmçinin bir neçə təqsirləndirilən şəxs, o cümlədən Vüqar Dursunəliyevin Suriyada döyüşlərdə iştirak etmək üçün göndərdiyi yetkinlik yaşına çatmayan oğlu Elvin Dursunəliyev məhkəmə tərkibinə etiraz etməyiblər. Təqsirləndirilən şəxslərin susmasına baxmayaraq, hakim onlara hüquq və vəzifələrini izah edərək bildirib ki, təqsirləndirilənin susmaq və ya ifadə verməkdən imtina hüququ var, bu onun əleyhinə şərh oluna bilməz: “Eyni zamanda onun məhkəmənin istənilən mərhələsində ifadə vermək, vəsatətlə çıxış eləmək, əlavə şahidlər çağırmaq, ekspertizanın rəyindən şikayət vermək hüquqları da var”.

Vüsal Bayramov bildirib ki, əməllərində cinayəti tərkibi yoxdur: “İstintaq zamanı sərbəst ifadə vermişik. Doğru olanı da yazıblar, olmayanı da. Bizim heç bir günahımız yoxdur. Bizi açın buraxın”.

Daha sonra hakimlər məhkəmə istintaqının başlanması barədə qərar qəbul ediblər. Dövlət ittihamçısı Rahil İsmayılov ittihamnaməni açıqlayıb. Bundan sonra təqsirləndirilən Vilayət Həsənliyə söz verilib. Lakin Vilayət Həsənli ifadə verməkdən imtina edib və susaraq bir kəlmə də danışmayıb. Onun susmasını nəzərə alan hakimlər ibtidai istintaqa verdiyi ifadəsini oxuyublar.

“Suriyaya keçməyimiz üçün 50 dollar verdik”

Vilayət Həsənli ibtidai istintaqa ifadəsində göstərib ki, Tərtər rayonunda anadan olub, 4 ildir əhli-sünnə məzhəbi üzrə namaz qılır: “2012-ci ildə Suriyada gedən döyüşləri izləmişəm və cihada qoşulmaq qərarına gəlmişəm. Məqsədim kafirlərə qarşı vuruşmaq olub. Suriyada aparılan cihadlarla bağlı internetdə yayılan videolara baxmışam. Bundan sonra Suriyaya getmək barədə fikrim qətiləşdi. Ənvər adlı həmyerlim ilə söhbət etdim, o mənə düz yolda olduğumu, Suriyada aparılan cihada getməyimi dəstəklədi. Ənvər Suriyaya özbaşına getməyin mümkünsüzlüyünü, oradakı camaatlardan birini tapmaq lazım olduğunu bildirdi.

Bir neçə gün sonra Ənvər Suriyada cihad aparan təşkilatlardan birinin əmiri “Abu Hafsa” ləqəbi ilə tanınan şəxslə əlaqə saxlamağın mümkün olduğunu bildirdi. O, həmin əmirlə sosial şəbəkədə danışdığını, bir həftəyə ora getməyin mümkün olacağını qeyd etdi. Ənvərə həmyerlim İsrail Əliyevlə birlikdə gedəcəyimi bildirdim.

Mart ayının 22-də onunla rayon mərkəzindəki çayxanada görüşdük. Ənvər mənə 300 ABŞ dolları verdi və Bakı Avtovağzalından Azərbaycan-Türkiyə avtobusuna bilet almağı tapşırdı. Bildirdi ki, mən avtobusa Bakıda minəcəm, İsrail Əliyev isə məni Goranboy rayonunda gözləyəcək. O, planın belə olmasını təhlükəsizliklə izah etdi. Plana əsasən, martın 30-da Azərbaycan-Türkiyə avtobusuna bilet aldım və həmin istiqamətdə yola düşdük. İsrail Əliyevi isə Goranboy rayonundan götürdük.

Türkiyədə olduğumuz zaman İsrail “Hasan” adlı şəxslə əlaqə saxladı. Onun Hasanı haradan tanımasını bilməmişəm. Türkiyədən Suriyaya keçməyimizə köməklik göstərməsi üçün Hasana 50 ABŞ dolları verdim. Suriyada isə bizi İntiqam Əliyev adlı şəxs qarşıladı. Onun vasitəsi ilə silahlı dəstənin tərkibinə qoşulduq. Orada Abu Hafsanın camaatına qatıldım. Abu Hafsaya biət etdik. Sonradan eşitdim ki, İsrail İŞİD-ə qoşulub.

Bizim məqsədimiz Bəşər Əsədə qarşı cihad olub. Çünki camaatına zülm edirdi, bu zülmün qarşısını almaq istəyirdik. Abu Hafsa mənə silah verdi. Orada fabrikə mühafizəçi təyin etdi. Mən 4 milyon manatlıq əmlakı olan fabriki qoruyurdum. Fabrikdə nə olduğunu dəqiq bilmirdim”.

“Əsirlikdə zülmlər çəkdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2013-cü ilin dekabr ayında oradan ayrılıb. Həmin vaxt İŞİD-lə Cəbrat-ül-Nüsra arasında döyüş başlayıb: “Həmin vaxt əsir düşdüm. Mənim onlar tərəfdən döyüşməyimi istəsələr də, qəbul etmədim. Əsirlikdə olmazın işgəncələrə məruz qaldım. Bizi videoya çəkdilər, bir daha Suriyaya qayıdacağımız təqdirdə öldürəcəklərini dedilər. Əsirlikdə azərbaycanlılar da vardı. Dursunəliyevgili əsirlikdə tanımışam. 20 gündən sonra bizi Türkiyə ilə sərhədə gətirdilər. Bizi Türkiyə polisi tutdu və Azərbaycana deportasiya etdilər”.

“Kimlər onlara susmağı öyrədir?”

İfadəsi elan olunandan sonra prokuror Vilayət Həsənlidən ifadənin ona məxsus olub-olmadığını soruşub. Başını aşağı dikən Vilayət Həsənli susmağı üstün tutub.

Susmaq hüquqları olsa da, məhkəmə araşdırımasının aparılması üçün təqsirləndirilənlərin ifadə verməli olduğunu xatırladan hakim Ramella Allahverdiyevanın sözlərinə görə, iş üzrə hansı hökmün çıxarılacağı hələ bəlli deyil: “Amma məhkəmə araşdırmasının aparılması, sübutların təkzib olunması üçün təqsirləndirilən şəxslər fikirlərini bildirməli, ittihamları təkzib etməlidir. İstintaqda dəfələrlə sərbəst ifadə verilib. Amma burada ifadə verməkdən imtina edilir. Bilmərəm, bu şəxslərə susmağı kimlər öyrədir”.

Bu zaman Vilayət Həsənli bunları deyib: “Qurulan məhkəmənin qəbul etmirəm. Mən Allahın quluyam. İşimə şəriət məhkəməsində baxılmasını istəyirəm”.

Daha sonra sərbəst ifadə üçün Vasif Hacıyevə söz verilib. O da ittiham üzrə danışmaqdan imtina etdiyini deyib: “Bizim heç bir günahımız yoxdur. Müharibədə döyüşən şəhid olur. Bizdə Allah yolunda döyüşmüşük. Burada olan qardaşlarım da mənimlə eyni fikirdədir. Biz islamın hökmünü istəyirik. Hökm yalnız Allahındır. Hakimiyyət də Allaha məxsusdur, bunu kafirlər bilməlidir. Ən ağır cinayət törədənin də, övladını öldürənin də cəzasını, hökmünü Allah verir. Mən islamı seçmişəm, bəyənmişəm, ibadət edirəm. Mənim inancım budur”.

Vasif Hacıyev prokurorun da suallarını cavablandırmaq istəməyib. Bundan sonra onun ibtidai istintaqdakı ifadəsi elan edilib. O, ibtidai istintaqa ifadəsində bildirib ki, 1989-cu ildə Zəngilan rayonunda anadan olub: “Hər hansı dini icmanın üzvü olmamışam, heç kimə itaət etməmişəm. Bir müddət İstanbulda yaşamışam, orada qaynaqçı işləmişəm. Suriyada gedən döyüşlərlə bağlı internetdə yayılan videoları izləmişəm. Videolara baxandan sonra Suriyada gedən cihada qoşulmaq qərarına gəlmişəm. Türkiyədən Suriyaya keçmək üçün Hasan adlı Türkiyə vətəndaşına 100 ABŞ dolları vermişəm. Hasan da həmin pul müqabilində məni Suriyaya keçirib. Orada Liviya vətəndaşına məxsus qruplaşmaya qoşulmuşam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, silahlı qruplaşmanın tərkibində olsa da, hər hansı silahlı cinayətdə iştirak etməyib.

Məhkəmə iclası aprelin 16-da davam etdiriləcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər