10 Aprel 2015 14:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokurorluq və Hərbi Prokurorluğunun təşkilati üzvü və çoxsaylı prokurorluq əməkdaşlarının fərdi üzvü olduğu, dünya prokurorlarını bir qurumda birləşdirən ilk və yeganə təşkilat olan Beynəlxalq Prokurorlar Assosiasiyası ilə əməkdaşlıq uğurla davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, həmin qurumla əməkdaşlıq çərçivəsində aprelin 8-dən 9-dək Bəhreyn Krallığının Manama şəhərində Assosiasiyanın növbəti İllik Yaz İclasının sessiyası keçirilib.

Tədbirdə Bəhreyn Krallığının Baş prokuroru cənab doktor Əli Əlbinyanın dəvəti ilə Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev iştirak edib.

Sessiyada təşkilatın rəhbər orqanların, o cümlədən Assosiasiyanın Prezidentinin, Baş Katibinin və Baş Müşavirinin, eləcə də İcraiyyə Komitəsi üzvlərinin hesabatları dinlənilmiş, növbəti il üçün qarşıda duran məsələlər müzakirə edilib.

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi K.Əliyev 2014-cü il aprelin 8-də Beynəlxalq Prokurorlar Assosiasiyasının prezidenti, Avstriya Baş prokurorunun müavini Gerhard Yaroşun ölkəmizə səfəri çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovla görüşünü, müzakirələr zamanı Beynəlxalq Prokurorlar Assosiasiyasının veb saytının Antikorrupsiya alt domeninin yaradılması və həmin işin həyata keçirilməsinin Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə həvalə edilməsi barədə əldə edilmiş razılaşmanı xatırladaraq, bu istiqamətdə görülmüş işlərlə əlaqədar təqdimatla çıxış etmiş və bu məsul işin Böyük Britaniya Krallığı Prokurorluğu Xidməti və Braziliya Baş Prokurorluğu ilə birgə ölkəmizə həvalə edilməsini beynəlxalq aləm tərəfindən Azərbaycanda korrupsiyaya qarşı aparılan mübarizəyə göstərilən etimadın təcəssümü kimi qiymətləndirməsini xüsusi vurğulayıb.

Tədbirdə təşkilati və digər məsələlər müzakirə edilib, Assosiasiyanın korrupsiyaya qarşı mübarizə və çirkli pulların yuyulmasına həsr edilmiş növbəti 20-ci illik konfrans və iclasının 13-17 sentyabr 2015-ci il tarixlərdə İsveçrənin Sürix şəhərində keçirilməsi qərara alınıb.

Hacı Zeynalov


Müəllif: