Mazandaran sement zavodu Azərbaycana ixrac həcmini artırmaq istəyir. Trend-in məlumatına görə, bunu Azərbaycandan qonşu ölkəyə səfər edən jurnalistlərə "Neka" Mazandaran sement zavodunun direktor müavini Bəhram Lətifi deyib.
B.Lətifi bildirib ki, "Neka" şirkəti məhsulunu Azərbaycanla yanaşı Qazaxıstan, Türkmənistan, Rusiya və digər ölkələrə ixrac edir, lakin şirkətin ən yaxın tərəfdaşı məhz Azərbaycandır: "Biz artıq 5 ildir ki, Azərbaycanla əməkdaşlıq edirik. İldə 1 mln ton sement və klinker Azərbaycana ixrac edirik. Ötən il isə Azərbaycana 680 min ton məhsul ixrac etmişik, bu da ötən illərlə müqayisədə daha azdır. Səbəb Azərbaycanda sement zavodlarının açılması və istehsalın artmasıdır".
Direktor müavini əlavə edib ki, zavodun istehsal etdiyi məhsullar beynəlxalq standartlara cavab verir və buna görə də Azərbaycan tərəfi bu məhsula daha çox maraq göstərir: "Azərbaycanlı iş adamları bizdən məhsulları açıq və kisə formada, əsasən M400 və M500 növündə olan sement alırlar".