15 Aprel 2015 13:39
1 660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar gənclər arasında telefon oyunları geniş yayılıb. İctimai nəqliyyatda -metroda, avtobusda əlində telefon, bütün fikrini-zikrini ekrana toplamış şəxslərə tez-tez rast gəlirik. Boş vaxtını bu cür oyunlarla doldurmaq istəyənlərə münasibət birmənalı deyil.

Mütəxəssislərin fikrincə, bu oyunlar kənardan insan düşüncəsini və qabiliyyətini ortaya qoyan vasitə kimi görsənsə də, əslində proqramçıların tələsidir.

“AA” oyunu və yaxud 4 manat pul

Öncə son aylar kütləvi marağa səbəb olmuş “AA” oyunundan söz açmaq istərdik. “Android” platformasında ən çox yüklənən bu oyun proqramı hətta Whatsapp-ı da keçməyi bacarıb. Bu oyun tezliklə insanlarda asılılıq yaradır.

Oyunun şərtlərinə görə, öz ətrafında dövr edən bir dairəyə sayılı çubuqları bir-birinə dəymədən sancmaq tələb olunur. Hər mərhələni keçdikcə dairənin dövretmə sürəti artmağa başlayır və oyun daha da çətinləşir.

“AA” oyununda mərhələləri tək-tək keçmək istəmirsinizsə, təxminən 4 manat ödəməlisiniz. Ödəniş etməklə etapları keçmək mümkün olur.

“İstəmirəm rəfiqələrimdən geri qalım”

Bu oyuna böyük marağı olan Fərid Dadaşov deyir ki, hər dəfə uduzanda möhkəm əsəbiləşir: “İlk dəfə 20 gün əvvəl dostumun telefonunda ”AA" oyununu gördüm. Oyun mənə də maraqlı gəldi və telefonuma yüklədim. Bir həftəyə 85-ci hissəyə kimi gəldim, amma hər oyunu uduzduqca əsəbiləşirdim. Dərsdə, yolda, adamların arasında boş vaxt tapan kimi, bu oyunu oynamağa can atırdım. Nəhayət, üç gün qabaq fasilə verdim, çünki uduzduqca əsəbilərimə mənfi təsir edirdi".

Leyla Məmmədova isə deyir ki, “AA” oyunu ilə yanaşı başqa oyunlara da marağı var. Çalışır ki, rəfiqələri onu oyunda ötüb keçməsin: “Gün ərzində ən azı 4-5 saat mobil telefonda oyun oynayıram. İlk mərhələni ötən kimi digər mərhələləri də keçməyə səy göstərirəm. Rəfiqələrimin oyunda məni ötüb keçməsinə dözümsüzəm”.

“Pul” və ya “konfet” vədi

Proqramçı Rəşid Əliyevin sözlərinə görə, müəyyən mərhələlərdə istifadəçidən hesab kartinin kodu, 3 gün gözləmək və yaxud dostuna bu oyunu təklif etmək tələb olunur: “İstənilən oyunun ”qeymifikasiyası" və dizaynı yaxşı hazırlanmayıbsa, o oyun asılılıq yaradacaq. Üstəlik interaktiv qurğular da oyundan asılıdır ki, ona “user referal” deyilir.

Yəni, insanlara sorğu göndərilir və əvəzində oyunçuya (yalnız oyunda “xərcləyə” biləcəyi) “pul” və ya simvolik “konfet” vəd olunur. Oyunçu da vəd olunanı əldə etməkdən ötrü bütün vaxtını oyuna sərf etməyə başlayır. Bu, eyni zamanda istifadəçinin həm hesab kartı üçün təhlükə ola bilər, həm də son nəticədə balansından müəyyən məbləğ silinir".

“Oyunlar təfəkkürün inkişafına mənfi təsir göstərir”

Psixoloq Vəfa Əkbər deyir ki, belə oyunlarda əsas məqsəd psixoloji asılılıq yaratmaqdır: “Bu da insanların bir müddət sonra sosial-ictimai və məişət həyatından uzaqlaşmasına gətirib çıxarır. Bu da real həyatla virtual aləm arasında ziddiyyət yaranması ilə nəticələnir. Gənclər, uşaqlar oyun zamanı hansısa mərhələni keçə bilməyəndə hirslənirlər. Hətta mobil telefonu yerə çırpan uşaqlara da rast gəlmək olur. Bir sözlə, bu oyun aqressiya mənbəyidir”.

Vəfa Əkbər qeyd etdi ki, kompüter və mobil telefon oyunları yeniyetmələrdə təfəkkürün inkişafına da mənfi təsir göstərir: “Əvvəllər uşaqlar nağıl, hekayə oxuyur və ya özləri üçün taxtadan, qumdan nəsə düzəldirdilərsə, bu, onun təxəyyülünün inkişafına gətirib çıxarırdı. İndiki uşaqlar əlində mobil telefon kompüterin qabağından çəkilmir.

Yeniyetməlik dövründə mücərrəd təfəkkür inkişaf etməli olduğu halda, belə bir proses təxirə düşür. Əvvəlki uşaqlar “Həyat sənin üçün nədir?” sualına sərbəst cavab verirdilər. Bugünkü uşaqlar isə bu tip sualların qarşısında çətinlik çəkirlər".

Gözlərin zəifləmə təhlükəsi

Oftalmoloq Könül Fərzəliyevanın sözlərinə görə, ekran aludəçiliyi gözlərə ziyan vurur. Çünki eyni nöqtəyə uzun müddət baxan gözlərin zəifləmə təhlükəsi var: “Belə oyunlar insanı stressə salmaqla bərabər gözlərin də zəifləməsinə gətirib çıxarır. Alında, göz nahiyəsində qızartı, sulanma olur. Bəzən gözdə spazma da yaradır. Bu oyunlar görmə qabiliyyəti zəif uşaqlar üçün daha böyük təhlükədir”.

Həkim məsləhət görür ki, insanlar virtual oyuna gün ərzində maksimum 2 saat vaxt ayırlsınlar: “Ancaq həmin müddət 15-20 dəqiqəlik hissələrə ayrılmalıdır. Bir sözlə, fasiləsiz oynamaq düzgün deyil. Baxışların uzun müddət yaxın məsafəyə zillənməsinə yol vermək olmaz. Oyunu dayandırıb uzaq məsafəyə baxmaq gərəkdir ki, gözlər dincəlsin.

Kompüterlə işin və oyunun da müəyyən şərtləri var. Monitor ölçülü məsafədə olmalı, kənardan monitora işıq düşməməli və tünd rəngdə klaviaturalardan istifadə edilməməlidir. Kompüter eynəklərindən istifadə də məsləhət görülür".

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər