15 Aprel 2015 14:35
995
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səhiyyə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, özəl tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və qanunsuz tibbi xidmətlərin göstərilməsinin qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2015-ci ilin I rübü ərzində nəzarəti gücləndirib.

Həmin dövrdə keçirilmiş yoxlamalar zamanı bəzi özəl tibb müəssisələrində ciddi qanun pozuntuları aşkar edilmiş və bir sıra sahibkarlıq subyektləri barəsində inzibati-məcburedici tədbirlər görülüb.

Aparılmış yoxlamalar nəticəsində 10 tibb müəssisəsində əhaliyə tibbi xidmətinin göstərilməsi zamanı nöqsanlara yol verildiyi və mövcud normativlərin tələblərinə riayət edilmədiyi aşkar olunub. Onlardan 4 tibb müəssisəsinə nöqsanların aradan qaldırılması barədə xəbərdarlıq edilib. 4 tibb müəssisəsinin lisenziyasının fəaliyyəti yoxlamalar zamanı aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək dayandırılıb. 1 müəssisənin stasionar tibbi xidmət üzrə bir sıra işləri, digərinin isə tam olaraq stasionar xidməti ləğv edilib.

Eyni zamanda, xüsusi razılıq (lisenziya) olmadan tibb fəaliyyəti ilə məşğul olan və ya mövcud lisenziyanın əlavəsində göstərilənlərdən kənar işlər həyata keçirdiyinə görə 10 özəl tibb müəssisəsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.1-ci maddəsinə uyğun olaraq inzibati tənbeh növü kimi cərimə tətbiq edilib (ümumilikdə 155 000 manat məbləğində).

Özəl tibb fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya verilmiş şəxslərin siyahısı, eləcə də müvafiq lisenziyalar üzrə həmin şəxslərə həyata keçirmək hüququ verilmiş işlər və xidmətlər haqqında məlumatı Səhiyyə Nazirliyinin rəsmi internet səhifəsindən əldə etmək mümkündür. Nazirlik vətəndaşlara xüsusi razılıq (lisenziya) olmadan fəaliyyət göstərən və lisenziyasının əlavəsində müvafiq iş və xidmətlər qeyd edilməyən müəssisələrə müraciət etməməyi, bununla özünüzün və yaxınlarınızın həyat və sağlamlığını təhlükə altına qoymamağı tövsiyə edir.

Bağlanan klinikaların hansı olduğunu öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə əlaqə saxlasaq da o tibbmüəsisələrin adlarını açıqlamadı.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər