Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində illərdir fəaliyyət göstərən inşaat materialları üzrə satış məntəqələri ləğv edilib.
Bundan sonra tikinti materialları ancaq bir mərkəzdə satılacaq. Bunun üçün Sabirkənd bələdiyyəsinə məxsus, lakin istifadə olunmayan ərazidən 21 hektar torpaq sahəsi ayrılıb. Burada sahibkarların hüquqları qorunmaqla xüsusi satış məntəqələri də inşa olunub.
Şəmkir rayonunun Sabirkənd bələdiyyəsinin nəzdində yaradılan Məhdud Məsuliyyətli Cəmiyyətin tərkibindəki inşaat materialları bazarının işə başlaması ilə digər pərakəndə satış köşkləri ləğv edilib. Açılış mərasimində çıxış edənlər bildirib ki, bu kompleks sakinlər üçün mühüm əhəmiyyət kəsb edir. Burada 65 iş adamının sahibkarlıqla məşğul olması üçün hər cür imkanlar yaradılıb.
Şəmkir Rayon İcra Hakimiyyətinin şöbə müdirinin müavini Rasim Mustafayev deyib: “Bunun daha bir səmərəliliyi ondan ibarətdir ki, vətəndaşlar buradan iş yeri kimi də istifadə edəcəklər. Gələcəkdə burada yeni iş yerləri olacaq və ticarət obyektləri genişlənəcək”.
Yaxın vaxtlarda MMC-nin nəzdində bir neçə emal müəssisəsinin və soyuducu anbarın inşası da planlaşdırılır. Açılış mərasimində yerli sakinlər bəzi təkliflərini dilə gətiriblər. Onlar ərazidə xırda ticarət köşklərinin yaradılmasını, yaşıllıqların salınmasını və iş yerlərinin açılmasını təklif ediblər. Qısa zamanda sadalanan müraciətlərin reallaşacağı diqqətə çatdırılıb. Sonda yeni obyektlərin rəsmi sənədləri sahiblərinə təqdim olunub.
Kəpəz TV