20 Aprel 2015 16:29
2 577
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi təntənəli qeyd olunub.

MTN-nin İctimai Əlaqələr Mərkəzindən Trend-ə bildiriblər ki, Nazirliyin İdman və Sağlamlıq Mərkəzinin yaradılmasının 5 illiyi münasibətilə təntənəli mərasim keçirilmişdir. Tədbirdə Gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi qonaqlar iştirak etmişlər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin əziz xatirəsini yad etmiş, ulu öndərin abidəsi önünə gül dəstəsi qoyulmuşdur.


Sonra mərasim iştirakçıları MTN-in İdman və Sağlamlıq Mərkəzində idmanın əksər növləri ilə məşğul olmaq üçün yaradılmış şəraitlə, o cümlədən idman meydançalarında və məşq zallarında aparılmış yenidənqurma işləri, “Titan” idman klubunun üzvlərinin respublika və beynəlxalq yarışlarda, turnirlərdə və spartakiadalarda əldə etdikləri nailiyyətləri və qazandıqları mükafatları, coxsaylı medalları və kubokları əks etdirən eksponatlarla tanış olmuşlar. Qonaqlara MTN-in İdman və Sağlamlıq Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə də ətraflı məlumat verilmişdir.

MTN-in İdman və Sağlamlıq Mərkəzinin “Titan” idman klubunun idmançıları tərəfindən təqdim olunmuş əlbəyaxa döyüş və xüsusi hazırlıq növləri üzrə nümunəvi çıxışlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.


Nümunəvi çıxışlar bitdikdən sonra MTN-in Heydər Əliyev adına Akademiyasındakı “Şöhrət” muzeyində təltif olunma mərasimi keçirilmişdir. Əvvəlcə təntənəli mərasim iştirakçıları muzeydə Ümummilli lider Heydər Əliyevin zəngin həyat və dövlətçilik fəaliyyətini əks etdirən fotostendlərlə və eksponatlarla tanış olmuşlar.


Milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudov MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarını, “Titan” idman klubunun üzvlərini bir daha təbrik etmiş, onlara Azərbaycanın idman nüfuzunun yüksəldilməsi, ölkəmizin bayrağının daim ucalarda dalğalanması naminə əzmkar fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulamışdır.


Bildirilmişdir ki, Azərbaycanda idmanın inkişafı və ardıcıl uğurları ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır. Fiziki və mənəvi sağlamlığa bir prizmadan baxan Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi illərdə ölkədə idman və bədən tərbiyəsi işi kütləvi xarakter almışdır. Ümummilli liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində Azərbaycanda idmanın yeni və sürətli inkişaf mərhələsi başlanmışdır. Respublikanın idman potensialının gücləndirilməsi və beynəlxalq arenaya çıxarılması üçün səmərəli siyasət xətti həyata keçirilir.


Qeyd olunmuşdur ki, dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə respublikada başlanan milli olimpiya hərəkatının əhəmiyyəti ölçüyəgəlməzdir. Hazırda respublikanın hər tərəfində müasir və beynəlxalq standartlara cavab verən Olimpiya İdman Kompleksləri, idman sağlamlıq mərkəzləri tikilərək peşəkar idmançıların, habelə həvəskarların istifadəsinə verilir. Çünki həm fiziki, həm də mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi dövlətimizin gənclər və idman siyasətinin başlıca prinsipidir və bu işdə idmanın kompleks təşkilinin çox böyük rolu var. Məşhur bir ifadədə deyildiyi kimi: «Sağlam bədəndə sağlam ruh olar».


Son illərdə paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman mərkəzləri Azərbaycanın idman potensialının nümayişi, eləcə də gənclərin bu sahəyə meylinin artmasının göstəricisidir. Ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var: gənc nəslin sağlam böyüməsi və yetişməsi. Həmçinin, Azərbaycanın yüksək səviyyəli beynəlxalq yarışların, mötəbər turnirlərin keçirildiyi idman ölkəsi kimi nüfuzunun daha da genişlənməsidir.

2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi edəcək Azərbaycan Respublikasında bu böyük tədbirin yüksək səviyyədə təşkili üçün yeni idman arenalarının və komplekslərinin açıldığını, mövcud idman obyektlərinın əsaslı təmir edildiyini və infrastrukturun daha da genişləndirildiyini qeyd edən nazir Eldar Mahmudov bildirmişdir ki, bütün bunlar Azərbaycanda təhlükəsizliyin yüksək səviyyədə təmin edildiyini bir daha təsdiqləyir, ölkəmizin mötəbər idman yarışlarını, beynəlxalq turnirləri, Avropa və dünya çempionatlarını təşkil etməyə qadir olduğunu sübut edir.


Son illər ərzində idmançılarımız böyük uğurlar qazanmışlar. Əlbəttə ki, ölkə idmanının sürətli inkişafında və əldə edilən uğurlu nəticələrdə Azərbaycanın birinci xanımı, I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın önəmli xidmətləri xüsusi qeyd edilməlidir.

Nazir Eldar Mahmudov sağlamlığın, fiziki və döyüş hazırlığının təhlükəsizlik orqanlarının əməkdaşlarının peşəkar fəaliyyəti üçün mühüm əhəmiyyət daşıdığını, bu sahəyə diqqətin xeyli artırıldığını qeyd etmişdir. Bu işin daha məqsədyönlü təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 aprel 2010-cu il tarixdə imzaladığı Fərmanla Milli Təhlükəsizlik Nazirliyinin İdman və Sağlamlıq Mərkəzi yaradılmışdır. Milli təhlükəsizlik orqanlarının əməkdaşları olan idmançılarımızın uğurları ildən-ilə artır. Onların həm respublika səviyyəli, həm də beynəlxalq yarışlarda qazandıqları medallar hamımızı sevindirir.


Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları son on ildə müxtəlif yarışlarda ümumilikdə 47 qızıl, 42 gümüş və 33 bürünc medal qazanmışlar. Bütün turnirlərdə, eləcə də, İdman və Sağlamlıq Mərkəzində idmanın müxtəlif növləri üzrə yarışların təşkilində Azərbaycan Respublikası İdman və Gənclər Nazirliyinin dəstəyini biz yüksək qiymətləndiririk. İnanırıq ki, gənclərimiz bütün qüvvə və imkanlarını səfərbər edəcək, Azərbaycanın hərtərəfli tərəqqisi naminə əzmlə çalışacaqlar. Həm təhsildə, əməliyyat-xidməti fəaliyyətdə, həm də idman sahəsində yeni uğurlar qazanacaqlar.

Gənclər və idman naziri Azad Rəhimov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu, məqsədyönlü və davamlı sosial siyasət bədən tərbiyəsi və idmanın inkişafında da mühüm rol oynamışdır. Bu sahədə müasir qanunvericilik bazasının yaradılması, effektiv idarəetmə sisteminin formalaşdırılması, maddi-texniki bazanın inkişafı istiqamətində dövlət tərəfindən həyata keçirilmiş islahatlar Azərbaycan idmanının beynəlxalq miqyasda uğurları üçün yol açmışdır. Bunun nəticəsi olaraq Azərbaycan Respublikası bir şox mötəbər beynəlxalq yarışları uğurla təşkil etmiş və gələcəkdə də bu cür tədbirlərin həyata keçirilməsi üçün yüksək etimad qazanmışdır.

İdmana dövlət qayğısının idmançılarımızın beynəlxalq yarışlarda əldə etdikləri nəticələrə də müsbət təsir göstərdiyini bildirən nazir Azad Rəhimov, istər böyüklərin Olimpiya Oyunlarında, istərsə də yeniyetmələrin Olimpiya Oyunlarında hər dəfə idmançılarımızın qazandıqları medalların sayının əvvəlkindən çox olduğunu diqqətə çatdırmışdır.


Azərbaycan Respublikasının idman sahəsində uğurlarına verilən ən yüksək qiymət isə ilk Avropa Oyunlarının Bakıda keçirilməsidir. Bu istiqamətdə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın fəaliyyətini xüsusi qeyd edən nazir Azad Rəhimov, idmanın surətli inkişafının, eyni zamanda, müasir idman infrastrukturunun yaradılması ilə də müşahidə olunduğunu vurğulamışdır. Paytaxtla yanaşı, bölgələrdə də Olimpiya mərkəzləri, ayrı-ayrı idman növləri ilə məşğul olmaq üçün bina və tikililər ücaldılır. Bu isə idmanla yanaşı, bədən tərbiyəsinin də inkişafı üçün etibarlı zəmin yaradır.


Azərbaycan Respublikasında keçiriləcək beynəlxalq yarışlar üçün mövcud infrastukturu daha da təkmilləşdirmək, idmanın və bədən tərbiyəsinin normativ hüquqi bazasını müasir tələblər səviyyəsinə çatdırmaq, bədən tərbiyəsinin daha da kütləviləşdirilməsini təmin etmək, bu sahədə həyata keçiriləcək təşkilatı, maliyyə və hüquqi tədbirləri qabaqcıl standartlara uyğun təşkil etmək məqsədilə, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: Gələcəyə baxış” İnkişaf Konsepsiyası”nda “2015-2018-ci illərdə Azərbaycan Respublikasında bədən tərbiyəsi və idmanın inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Gənclər və idman naziri bu baxımdan Milli Təhlükəsizlik Nazirliyində əməkdaşların döyüş və fiziki hazırlqlarının yüksək səviyyədə saxlanılması, onların respublika və beynəlxalq arenalarda Azərbaycanın idman nüfuzunun qorunması, layiqincə təmsil etmələri üçün bütün lazımi şəraitin yaradılığını xüsusi qeyd etmişdir. O, MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına, “Titan” idman klubunun üzvlərinə bundan sonra da Azərbaycanın bayrağını yüksəklərdə saxlamağı və yeni qələbələr qazanmağı arzulamışdır.


Sonra xidməti fəaliyyətdə və idmanın inkişafında əldə etdikləri yüksək nailiyyətlərə görə MTN-in İdman və Sağlamlıq Mərkəzinin bir qrup əməkdaşının “Qüsursuz xidmətə görə” və “Hərbi xidmətdə fərqlənməyə görə” medalları, “Fəxri bədən tərbiyəsi və idman işçisi”, “Əməkdar idman ustası”, “Əməkdar məşqçi” və “İdman ustası” fəxri adları və idman dərəcəsi ilə təltif edilmələri barədə müvafiq olaraq milli təhlükəsizlik naziri general-polkovnik Eldar Mahmudovun və Gənclər və idman naziri Azad Rəhimovun əmrləri elan olunmuşdur.


MTN-in İdman və Sağlamlıq Mərkəzinin əməkdaşlarına təltifləri və mükafatları general-polkovnik Eldar Mahmudov və Gənclər və idman naziri Azad Rəhimov təqdim etmişlər. Azərbaycan Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənov “Beynəlxalq Universal Döyüş Federasiyasının Fəxri Mükafatı”nı Milli təhlükəsizlik naziri Eldar Mahmudova və Gənclər və idman naziri Azad Rəhimova təqdim etmişdir. Xatirə şəkli çəkdirilmişdir.

MTN-in İdman və Sağlamlıq Mərkəzinin rəisi polkovnik-leytenant Vahid Ağakişiyev idmançılara göstərilən xüsusi diqqət və qayğıya görə “Titan” idman klubunun bütün üzvləri adından minnətdarlığını bildirmişdir.


Sonda Mərkəzin fəaliyyətinə həsr edilmiş “Yeni qələbələrə doğru” sənədli filmi nümayiş etdirilmişdir.


Müəllif:

Oxşar xəbərlər