20 Aprel 2015 17:46
2 333
12 Punto 14 Punto 16 Punto 18 Punto

Binəqədi rayonu, Biləcəri qəsəbəsi 284 saylı məktəbdə ötən həftə aprelin 15-də 2-ci sinif şagirdi, 7 yaşlı Ələsgər Ələsgərov məktəbin çıxış qapısında qəza ilə üzləşib.

Şagirdin atası Arzu Ələsgərovun Teleqraf.com-a verdiyi məlumata görə, dərsdən çıxan uşaqlar dəmir darvaza üzərində əylənərkən, qapı aşıb Ələsgərin başının arxa hissəsinə dəyib və o, üzü üstə asfalta çırpılıb: “Uşağın başına arxa hissədən “Semaşko” xəstəxanasında tikişlər qoyulub, burun sümüyü isə iki yerdən sınıb, burun nahiyəsi gipsə salınıb. Beyin silkələnməsi ilə əlaqədar hazırda ciddi rejimdə müalicə olunur. Oğlumun gələcəyi necə olacaq hələ məlum deyil”.

Valideyn dedi ki, məktəbin qəzalı darvazasını təmir etdirmək istəyini məktəb direktoru aqressiv qarşılayıb: “Baxmayaraq ki, məktəb rəhbərliyi bu hadisəyə görə məsuliyyət daşıyır, valideyn olaraq 282 nömrəli məktəbin rəhbərliyi qarşısında heç bir tələb qoymamışam. Sadəcə, direktora bildirdim ki, qapını təmir etdirsin, növbəti bədbəxt hadisə digər şagirdlərin başına gəlməsin. Amma direktor bu tələbimi aqressiv qarşılayır. Hətta mən bildirdim ki, özüm qapını düzəltdirim, bundan da imtina etdi. Deyir ki, qapının heç bir təmirə ehtiyacı yoxdur”.

Valideyn Təhsil Nazirliyinin “Qaynar xətt”inə və elektron poçtuna da müraciət edib. “Qaynar xətt”dən valideynə bildirilib ki, araşdırma aparılıb valideynə məlumat veriləcək.

284 saylı məktəbin direktoru Təşkilat Əliyevlə əlaqə saxladıq. Direktor Teleqraf.com-a bildirdi ki, qəza dərsdən sonra baş verib. Şagirdlər dəmir darvazanı yellədib, məktəbin saz vəziyyətdə olan əmlakını yararsız vəziyyətə salmağa cəhd ediblər: “Bu hadisə zamanı da uşaq xəsarət alıb. Xəbəri alan kimi uşağı məktəbə gətirdik, həkimlərimiz ilkin yardım göstərdilər. Valideyni ilə əlaqə saxladıq, anası dedi ki, yas yerindədir, uşağı qonşu ilə göndərək. Taksiyə mindirib evlərinə göndərdik. Sonra da özümə vətəndaş borcu bilib iki dəfə zəng edib maraqlanmışam”.

Direktor bildirdi ki, məktəbin darvazası qəza vəziyyətində olmayıb, yeni təmirdən çıxıb, sadəcə şagirdlərin kobud davranışı üzündən hadisə baş verib: “Qapı təzədir, heç bir təmirinə ehtiyac olmasına baxmayaraq, valideynlərdə, uşaqlarda əminlik olsun deyə, həftənin 6-cı günü usta gətirib darvazanı qaynaq etdirmişəm. Orada yenə də qəzanın baş verməsinə görə, valideynin heç bir narahatlığına əsas yoxdur. Sadəcə, dərsdən sonra bütün uşaqlara nəzarət etmək imkanımız xaricindədir. Xahiş edirik, valideynlər övladlarını nəzarətsiz buraxmasın”.

NİGAR


Müəllif:

Oxşar xəbərlər