22 Aprel 2015 14:13
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Müdafiə naziri Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşüb.

Teleqraf.com Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 22-də Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.

Müdafiə naziri Ermənistan tərəfindən ərazilərimizin işğal edilməsi, rəsmi Yerevanın sülh danışıqlarından boyun qaçıraraq cəbhədə vəziyyəti gərginləşdirməsi və son vaxtlar uğursuzluğa düçar olaraq çoxsaylı itkilərə məruz qalan düşmənin minaatanlardan, iriçaplı silahlardan istifadə etməklə yaşayış məntəqələrini, qeyri-hərbi obyektləri və dinc sakinləri atəşə tutmaları faktlarını bir daha qonağın diqqətinə çatdırıb.

"Silahlı Qüvvələrimizin bölmələri hər dəfə düşmənin atəş nöqtələrini susdurmaq məqsədilə effektiv cavab tədbirləri görür. Təmas xəttində yerləşən bütün şəxsi heyətə hərəkət edən istənilən hərbi obyekti dərhal məhv etmək tapşırığı verilib və bu qeyd-şərtsiz yerinə yetirilir.

Ermənistanın kriminal hərbi-siyasi rejimi öz xalqını informasiya vakkumunda saxlamaqla itkilərini gizlədir və gənclərini girova çevirməklə onları bu mənasız müharibədə qırdırır.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin bildirdiyi kimi münaqişənin yeganə həll yolu işğalçıların ərazilərimizi tərk etməsidir.

Düşmən anlamalıdır ki, bizim yolumuz haqqdır. Silahlı Qüvvələrimiz işğalçıları məhv etməyə daim hazırdır. Ordumuzun arsenalında, xüsusilə özümüzün və digər ölkələrin hərbi-sənaye komplekslərinin istehsalı olan keyfiyyətli, yüksək dəqiqliyə və geniş ərazidə dağıdıcı qüvvəyə malik, silahlanmaya qəbul edilmiş yeni silahlar sayəsində bu vəzifəmizi layiqincə yerinə yetirəcəyik", - deyə Müdafiə naziri bildirib.

Görüşdə qoşunların təmas xəttindəki hazırkı vəziyyət, keçirilən monitorinqlərin nəticələri və münaqişəsinin həllinə dair də fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər