Ötən gün Bakıda I Avropa Oyunlarının məşəli alovlandırılıb. Artıq yaxınlaşmaqda olan Avropa Oyunları ictimaiyyət nümayəndələrinin də diqqət mərkəzindədir.
Teleqraf.com ziyalıların Avropa Oyunları barədə təəssüratlarını təqdim edir.
Əli Məsimli, millət vəkili:
- Birinci Avropa Oyunlarına ev sahibliyi etmək böyük hadisədər, Azərbaycanın beynəlxalq imicinə müsbət çalalar gətirir. Bu oyunlardan istifadə edərək biz tariximizi, mədəniyyətimizi, incəsənətimizi, milli mətbəximizi, qonaqpərliyimizi bir daha dünyaya tanıtmaq şansı əldə etmişik. İnsanlar Azərbaycan barədə müxtəlif mənbələrdən həm müsbət, həm də mənfi xarakterli çox şey eşitsələr də, Azərbaycana gəlib öz gözləri ilə gördüklərinə daha çox inanırlar. Bu da Azərbaycanın xeyrinədir. Amma təəssüf ki, Birinci Avropa Oyunları yaxınlaşdıqca, həmin oyunlara qarşı qara piar da güclənir. Bu idmanı siyasiləşdirməklə Azərbaycanın təşkil etdiyi bu möhtəşəm tədbirə kölgə salmaq cəhdidir. Bütün bunlara baxmayaq , Birinci Avropa Oyunları idman tarixinə yazılacaq dərəcədə möhtəşəm keçəcək. Çalışacam ki, Birinci Avropa Oyunları çərçivəsində keçirilən tədbirlərin bir neçəsində iştirak edim.
Zahid Oruc, millət vəkili:
- Avropa oyunları Azərbaycanda təkcə idman hərəkatının kütləviləşməsinə deyil, ictimai münasibətlər sisteminə, xidmət sektoruna, investisya mühitinə və ölkəmizin beynəlxalq informasiya məkanında yetərincə təbliğinə müsbət təsirini göstərəcək. Çünki belə qitə miqyasında yarışlar yalnız idman hadisəsi olmayıb cəmiyyət həyatının bütün sahələrinə təsirini göstəmiş olur. Ona görə də tədbirin keçirilməsinə hazırlıq dövründə vətəndaşlarımızın bir qisminin düşüncələrində yaşanan şübhhələr, narahatlıqlar öz yerini qaynar idman rəqabəti atmosferinə verməli olacaq.
Mənə görə bu, həm də insanların dünyabaxışını dəyişmək baxımından da əhəmiyyətlidir. Belə ki, təkcə iyun ayında deyil, bütün gələcək dönəmlərdə daim müraciət olunacaq ilk oyunlar ölkəmizin hər bir sıra nəfərinin təfəkküründə Azərbaycanın əyalət və kiçik ölkə obrazını dəyişdirəcəkdir. Yarışlara çəkilən xərcləri öz büdcəsindən kəsilmş hesab edənlərin təfəkkürü və həm də real imkanları dəyişdikcə hamımız görəcəyik ki, Avropa oyunları bizim dünyaya vermək istədiyimiz mesajlar üçün əvəzsiz tribuna olub.
Və sonda daha bir özəlliyi qeyd etmək olar. Bu gün dünyanın qaynar ocaqlarının və müharibə mənzərələrinin evlərimizə gətirdiyi vadalizmlər və saysız hesabsız itkilər fonunda Azərbaycan sülh adası kimi tanınacaqsa,qalibin silahla deyil, tökülən alın tərinə görə müəyyənləşəcəyi də mühüm bir nəticə olaraq qafalarda möhkəmlənəcəkdir. Razılaşın ki, münsifi olmayan həmin savaşların atmosferini yalnız belə ədalətli mübarizələrlə örtmək olar.
Mən məmnuniyyətlə, yarışları canlı olaraq izləyəcəm və bir neçə yarışa artıq bilet alımışam. Xarakter, yenilməzlik, rəqibini meydanda məğlub etmək hissini formalaşdırmaq istəyən hər kəsi oyunlara dəvət edirik. Azərbaycanın məşəli Avropanın üzərində yandıqca, demək, dünyanı işıqlandıran əllərdən biri də xalqımız olacaqdır. Sevinməyə dəyər.
Rəşad Məcid, “525-ci qəzet”in baş redaktoru:
- Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədir. Bu hadisə Azərbaycanın imicinə xidmət edəcək və ölkəmizin təbliğatına şərait yaradacaq mühüm amildir. İştirakçı idmançılar, qonaqlar, jurnalistlər ölkəmizi öz gözləri ilə görəcəklər. Əminəm ki, yüksək təəssüratla qayıdacaqlar. Bu qədər çoxsaylı əcnəbini ölkəmizə cəlb etmək adi vaxtda müşkül olardı və illər tələb edərdi. Bu baxımdan Avropa oyunları həm də əvəzsiz fürsətdir.
Müasir stadionlar, oyunların təşkilinin yüksək səviyyəsi əminəm ki, qonaqları heyran qoyacaq. Xalqımızın qonaqpərvərliyi isə unudulmaz təəssuratlar yaradacaq. Mən özüm də çalışacam həmkarlarımla birgə oyunları stadionlarda izləyim və həyəcanı yaxından hiss edim”.
Hikmət Babaoğlu, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru
“Bakı Avropa oyunları Avropanın idman tarixində yeni bir hadisədir. Bu, təkcə idman hadisəsi deyil, eyni zamanda əməkdaşlıq, tərəfdaşlıq, turizim, maliyyə hadisəsidir. Bu hadisə ölkəmizin ən yaxşı şəkildə reklam edilməsi, dünyaya idman ölkəsi kimi, demokratik dəyərləri mənimsəmiş hüququi dövlət kimi tanıdılmasıdır. Avropa oyunları elə bir tədbirdir ki, burada sadə taksi sürücüsündən tutmuş kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan kəndliyə qədər hər kəsin ailə büdcəsinə gəlir gətirəcək. Mən özüm də Avropa Oyunlarını canlı izləyəcəm, xüsusən, Azərbaycanda popluyar olan güləş, ağırlıqqaldırma, bədii gimnastika kimi oyunların keçirildiyi məkanlara gedəcəyəm”.
Kəramət Böyükçöl