28 Aprel 2015 16:30
955
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əflatun Amaşov: “Mediamızın Bakı 2015-ə münasibəti birmənalıdır”


Bu günlər yadıma «Avroviziya-2012» ərəfəsindəki vəziyyət düşür. Tarix təkrarlanır. Əslində buna tarixin təkrarlanması kimi yanaşmaq doğru sayılmaz. Çünki baş verənlərin, daha doğrusu növbəti dəfə edilənlərin tarixdə qalacağını düşünmək mümkünsüzdür. Bəlkə bir epizod kimi nələrsə xatırlana bilər. Məsələn, mən bu yazını yazmazdan öncə azacıq araşdırma apardım. Mühüm tarixi hadisələrə evsahibliyini həyata keçirmiş ölkələrin jurnalistlərinin mənfi davranış tərzinə dair fərqli nələrisə görmək istədim. Açığı, elə bir nümunəyə rast gəlmədim. Heç əcnəbi media nümayəndələrinin timsalında da ciddi sayılacaq nələrisə aşkarlamadım.


Harada yaşamasından, siyasi və dini mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaş ölkəsində baş verən dünya miqyaslı olayın yüksək səviyyədə təşkilinə çalışıb. Media cəmiyyətin güzgüsüdür və cəmiyyətin istək və arzularının çarçısı kimi çıxış edir. Bu mənada böyük hesabla Azərbaycan cəmiyyətinin və onun tərkib hissəsi sayılan mediamızın I Avropa Oyunlarına münasibəti birmənalıdır.

Hər bir vətəndaşımız üçün bu böyük idman hadisəsi fəxarət və qürur mənbəyidir. Azərbaycan mediası əksəriyyət etibarilə insanlarımızın bu münasibətini ifadə edir və zənnimcə, tarixdə qalan da məhz bu olacaq, nəinki hansısa mənfi meylləri qabardaraq «divident» əldə etmək niyyətinə düşənlər.

Bəli, tarixdə qalmaq önəmlidir. Azərbaycan bir çox mötəbər toplantılara ev sahibliyini həyata keçirməkdədir. Özü da belə tədbirlərin əksəriyyəti məhz Azərbaycanın mütərəqqi dünyaya töhfəsi kimi əlamətdardır.

Bu yerdə müstəqilliyimizin ilk illərini xatırlamaq istərdim. Gözlərimin önünə yenicə dövlət suverenliyinə qovuşmuş ölkənin xarici və daxili təhdidlərə qarşı qeyri-müəyyənlik sindromunu özündə yaşatdığı dönəm canlanır. Doğrudan da həmin vaxt sabahın üzümüzə necə açılacağını proqnozlaşdırmaq mümkünsüz idi. Bir qrup Azərbaycanı İranın, başqaları Rusiyanın tərkibində görürdü. Türkiyə meyllilər var idi. Erməni təcavüzünün miqyası barədə acınacaqlı məqamlar da gündəmdəydi. Bir sözlə, yenicə müstəqilliyinə qovuşmuş ölkə çoxsaylı problemlərlə baş-başaydı ki, bütün bunlar müstəqilliyimizin uzunömürlülük üfiqini əhəmiyyətli dərəcədə daraldırdı.

Sonrakı illərdə vəziyyət tədricən düzəlməyə başlasa da, müstəqilliyimizə olan təhdidlərin səngidiyini söyləmək mümkünsüz idi. Əslində təhlükələr bu gün də qalır. Azərbaycanın bölgədəki rolunu qəbul etməyənlərin sırasının hətta bir qədər də genişləndiyini söyləmək olar. Lakin hazırda bu meyllər real təhlükə sayılacaq qədər aktual deyillər. Düşünürəm ki, artıq dünyanın qlobal gücləri belə özlərinin yaraq-yasaqları ilə bu ölkənin bir başından girib o biri başından çıxacaq qədər cəsarət sahibi ola bilməzlər. Təbii ki, bölgədəki maraqlar da buna imkan vermir. Yəni Azərbaycanın müstəqil dövlət olaraq qalması şərtdir. Bu şərti doğuran Ümummilli Lider Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin yüksək məharətlə reallaşdırdığı siyasi kursdur.

Ancaq bu şərtin daxili mahiyyəti yalnız siyasiliyə söykənmir. Ötən 24 il xalqın milli özünüdərki baxımından əhəmiyyətli zaman kəsiyi olub. Azərbaycan Avropa və bütövlükdə dünya insanının nəzərlərində müstəqil dövlət kimi qalıb və bu imicin formalaşmasında həlledici rolu mədəniyyət oynayıb.

Mədəniyyət çox böyük silahdır. Heç bir zaman tükənmir. Nüfuzlu beynəlxalq toplantılara, idman yarışlarına evsahibliyimiz həm də mədəniyyətimizin, adət-ənənəmizin, milli kimliyimizin təbliğidir. Üzərindən on, iyirmi, otuz, əlli, yüz il keçdikdən sonra bəşər mədəniyyətini zənginləşdirən ölkə kimi xatırlanmağımız son dərəcə vacibdir. Dünyadakı siyasi şərtlərin hansı məcraya dəyişdiyinin fərqinə varmadan bu xatırlanma bizlər üçün həyati əhəmiyyətlidir, varlıq simvoludur. Bizlər dünya insanın baxışlarının alt qatına müstəqil dövlət kimi hopacağıq. Bizləri silib tarixin ənginliklərinə atmaq mümkün olmayacaq.

Əvvəldə mənfi meyllərdən söz açmışdım. Qəfildən yadıma Meksikada keçirilmiş futbol üzrə dünya çempionatı düşmüşdü. 1986-cı ildə baş tutmuş mundial maraqlı idman mübarizəsinə şahidlik anlamında təkrarsız hadisə sayıla bilər. Ancaq onu da xatırladım ki, 1985-ci ildə Meksikada güclü zəlzələ baş vermişdi. Ölkənin əksər bölgələri kimi paytaxt Mexiko şəhəri də ciddi zərər çəkmişdi. Ümumən zəlzələ qurbanlarının sayı 20 minə çatmışdı. O zaman planetin ən mühüm idman hadisəsinin təxirə salınacağına dair söhbətlər də yayılmışdı. Ancaq Meksika xalqı özündə təpər tapmağı bacarmışdı.


Həmin vaxt Meksika dəhşətli təbiət hadisəsinin gətirdiyi problemlərin məngənəsində boğulurdu. Buna rəğmən ölkə cəmi bir il sonra futbol üzrə dünya çempionatına evsahibliyini reallaşdırdı. O zaman dünya mediasında Mexikonun dağılmış küçə və meydanlarına, binalarına, əhalinin çətin vəziyyətinə dair sujetlər yer almışdı. Fəqət bu təqdimatlar heç bir halda dünya çempionatının ab-havasına fərqli notlar gətirməyə hesablanmamışdı. Əksinə xalqın mübarizə əzminin təsvirini hədəf seçmişdi.


Məqsədim Azərbaycanla ötən əsrin 80-ci illərinin Meksikasını müqayisə müstəvisinə gətirmək deyil. Nə də hesab etmirəm ki, imperiya əsarətindən qurtuluşunun 24-cü ildönümünə qədəm qoymuş Azərbaycanın cəmi 24 il ərzində dünyanın ən mühüm idman təntənəsinə evsahibliyini reallaşdırmaq gücünə sahibliyi Meksikanın bir il içərisində futbol üzrə dünya çempionatına hazırlığından kiçik olaydır.


Nəzərə alaq ki, Azərbaycanın yaşadığı zəlzələnin ömrü 70 il çəkmişdi. Bu mənada bizim 24 ilimiz Meksikanın 1 ilindən daha qısa müddətdir və mövcud zaman kəsiyində ucaldılmış göydələnlərimiz, yaraşıqlı görkəm almış park və meydanlarımız, yeni işna edilmiş iaşə obyektlərimiz, məktəblərimiz, uşaq bağçalarımız, abad yollarımız, xiyabanlarımız və sair var.

Yarımçıq tikililərimiz, uçuq-salxaq komalarımız, ümumən problemlərimiz də yox deyil. Bütün bunların qabardılması və ictimailəşdirilməsi medianın insanlarımızın daha yaxşı yaşamasına xidmət edən ictimai missiyası kimi diqqətəlayiqdir. I Avropa Oyunları keçiriləcək deyə jurnalistlərimizin mənfi təmayülləri işıqlandırmamasının və ya az işıqlandırmasının da tərəfdarı deyiləm. Onsuz da media quruluşlarımızın hamısı problemlərdən kifayət qədər söz açırlar, kəskin sayıla biləcək tənqidlərə yer verirlər. Ancaq kimlərinsə əlini bir nimdaş binaya uzadaraq Azərbaycanın həmin binanın timsalında miskin ölkə görkəmində təqdimat cəhdi, mövcud xüsusda I Avropa Olimpiya Oyunlarına evsahibliyini reallaşdıracaq ölkəni guya təsvir etməsi əsla tənqid deyil. Belə mesaj verən şəxsin hansısa formada media cameəsində yer alması acı təəssüf doğrurur. Təsəvvür edə bilmirəm ki, 1986-cı ildə hansısa meksikalı jurnalist zəlzələdən uçmuş binaya əlini uzadaraq dünya çempionatını keçirəcək ölkəni aşağılayacaq səviyyəyə ensin. Bu yerdə diqqətinizi Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun mediaya bir müddət öncəki açıqlamasına çəkmək istərdim: “Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və I Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar”.

Əvvəldə «Avroviziya-2012»ni təsadüfən xatırlamamışdım. Bəli, ölkəmizlə bağlı 3 il öncəki ssenarilər eynilə təkrarlanmaqdadır və mövcud mənada başqa «elementlərə» də müraciət edilə bilər. Məqsəd isə bəllidir - mötəbər idman hadisəsinə tamaşa etmək üçün ölkəmizə təşrif buyurmaq istəyənləri fikirlərindən döndərmək, ümumən oyunları boykot etmək. Daha qlobal məqsəd Azərbaycanı dünyaya tipik Şərq məmləkəti qiyafəsində göstərməklə onun mümkün qədər təcridinə nail olmaqdır ki, bütün bunlar Qərbin neft ölkələri ilə bağlı əlahiddə maraqlarının rahat şəkildə hərəkətə gətirilməsi baxımından vacibdir.


Azərbaycan çətinlikləri aşaraq müxtəlif sferalarda mötəbər tədbirlərin evsahibliyini gerçəkləşdirmək hüququnu əldə edirsə, demək, ölkə özü ətrafında müəyyən imic formalaşdırır və bu status onun siyasi səhnədəki dayanıqlılığına təminat yaradır. Və demək ki, Azərbaycanı hansısa qeyri-bərabər müstəviyə sürükləmək mümkünsüzə çevrilir. Müvafiq olaraq Avropa insanının baxışlarında mədəniyyət, incəsənət, elm, idman ölkəsi kimi formalaşmış sabit Azərbaycanı İraqın, Liviyanın, Suriyanın, Tunisin gününə salmaq ehtimalları da tam heçə enir. Çünki tədricən Avropanın, elə dünyanın da ölkəmizlə bağlı yetkin ictimai rəyi formalaşır. Bu rəyin əksinə getmək Qərbin qərarlaşmış hakimiyyətlərinə sərfəli deyil. Ona görə də özləri üçün sərfəli olan Azərbaycan obrazını yaratmağa cəhd göstərirlər. Təəssüf ki, özünü demokrat göstərib hansısa uçuq binanın qarşısında dayanaraq I Avropa Oyunlarının keçiriləcəyi məkanda şəkil çəkdirdiyini bəyan edib spekulyasiyalara baş vuranlar yekunda məhz bu cür oyunların alətinə çevrildiyinin fərqinə varmırlar.


Yeri gəlmişkən, bir neçə ay öncə həmin oyunların daha bir «elementi» işə salınmışdı. Guya Azərbaycan heyvanlara qarşı amansızlığın, qəddarlığın həyata keçirildiyi ölkədir. Göründüyü kimi, bu, tipik Avropa vətəndaşının şüuruna təsir göstərmək niyyəti güdən təxribatdır.


Sonda fikirlərimi ümumiləşdirərək deyim ki, I Avropa Oyunlarına az müddətin qaldığı bir vaxtda ictimai missiya daşıyan Azərbaycan mediası üçün mühüm dönəm başlayır. Bəzi xarici dairələrin qeyd etdiyim planlarının daha geniş vüsət alacağını gözləmək olar. Odur ki, dövriyyəyə buraxılan hər məsələyə, sosial şəbəkələrdə yayımlanan hər materiala həssas yanaşmaq vacibdir və bu, təkcə peşəkarlıqdan irəli gələn tələb yox, eyni zamanda vətəndaşlıq borcudur. İnanıram ki, Azərbaycan mediası üzərinə düşən bu vəzifənin öhdəsindən gələrək Azərbaycan üçün tarix yaradacaq bir hadisənin - I Avropa Oyunlarının reallaşmasında böyük pay sahibinə çevrilcək.


Müəllif: