Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Türkiyə Mülki Müdafiə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndə heyətini qəbul edib.
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir K.Heydərov qonaqları səmimiyyətlə salamlayıb, Azərbaycan Fövqəladə Hallar Nazirliyinin fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində gördüyü işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verib. O, bu sahədə Türkiyənin uyğun qurumları ilə uğurlu əməkdaşlığın davam etdirildiyini də vurğulayıb.
Səmimi qəbula görə təşəkkürünü bildirən Türkiyə Silahlı Qüvvələri Quru Qoşunlarının Qərargah rəisi general-leytenant İhsan Uyar qardaş ölkənin ordusunun müvafiq qurumlarının Azərbaycan FHN ilə əməkdaşlığının yüksək səviyyədə olduğunu vurğulayıb, bu əlaqələrin geniş perspektivlərinin mövcudluğunu bildirib.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.