4 May 2015 16:58
734
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 4-də Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində “Strateji malların qanunsuz dövriyyəsinin qarşısının alınması” mövzusunda regional təlim işə başlayıb.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi və Ümumdünya Gömrük Təşkilatının birgə təşkil etdiyi təlim Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dəstəyilə keçirilir. Təlim Azərbaycan, Qazaxıstan, Pakistan və Türkmənistan gömrük xidmətlərinin əməkdaşları üçün nəzərdə tutulub və ABŞ mütəxəssisləri tərəfindən aparılır.

Tədbirin açılış mərasimində Azərbaycan Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayev vurğulayıb ki, “Konteyner daşımalarına nəzarət üzrə Proqram” çərçivəsində növbəti təlimin Bakıda keçirilməsi təqdirəlayiqdir. Belə ki, Azərbaycan tərəfi sözügedən Proqram üzrə öhdəsinə düşən vəzifələri ardıcıl şəkildə yerinə yetirir.

Hər il dünyada 500 milyon konteynerin faktiki olaraq yoxlanılmadan daşınmasına diqqət çəkən Əsgər Abdullayev qeyd edib ki, bu da dünya üzrə bütün yükdaşımaların 90 faizini təşkil edir. Bu isə öz növbəsində narkotik, silah və digər qeyri-leqal malların nəzarətdən yayınmasına gətirib çıxarır.

DGK sədrinin müavini ümid etdiyini bildirib ki, bu təlim sözügedən sahədə təcrübə mübadiləsinin aparılmasına, qanunsuz fəaliyyətə qarşı birgə və səmərəli işin təşkilinə imkan yaradacaq.

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi, Ümumdünya Gömrük Təşkilatı və ABŞ nümayəndələri isə tədbirin təşkilinə göstərilən dəstək üçün Azərbaycan hökumətinə, eləcə də Dövlət Gömrük Xidmətinin rəhbərliyinə təşəkkür edərək, təlimin məhsuldar və uğurlu keçiriləcəyinə əminolduqlarını ifadə ediblər.

Sonra təlim iştirakçıları öncə təhlükələrin yayılması və malların müəyyənləşdirilməsi, təlim prinsiplərinə nəzarət və onların həyata keçirilməsi məsələlərini “dəyirmi masa” arxasında müzakirə ediblər.

Daha sonra “Raket çatdırılma sistemi və texnologiyaları”, “Raket altsisetmi”, “Kimyəvi silahlar və texnologiylar”, “Quraşdırılmış komponentlər - II” mövzularında məruzələr dinlənilib, praktiki məşğələlər keçirilib.

Təlimin davam edəcəyi növbəti günlərdə isə “Saxtakarlıq nümunələri”, “Nüvə silahları və texnologiyaları”, “Sənaye avadanlıqları”, “Quraşdırılmış komponentlər - I”, “Bioloji silahlar və texnologiyalar”, “Kiməvi maddələr”, “Embarqo və sanksiyalar”, “Xususi nüvə materialları”, “Bioloji agent və toksinlər”, “Elektronik komponentlər”, “Elektronik təchizat” və digər mövzularda məruzələr dinləniləcək, eləcə də mövzu ətrafında müzakirələr və praktiki məşğələlər keçiriləcək.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunacaq. Təlim mayın 8-dək davam edəcək.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər