Mayın 7-də Bakıda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasının açılışı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva yeni inzibati binanın açılışında iştirak ediblər.
Dövlətimizin başçısı inzibati binanın rəmzi açılışını bildirən lenti kəsdi.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Böyük Vətən Müharibəsində Qələbənin 70 illiyi münasibətilə veteranları təbrik etdilər, ən xoş arzularını bildirdilər və onların ürək sözlərini dinlədilər.
Veteranlar ulu öndər Heydər Əliyev ilə görüşlərini dərin ehtiram hissi ilə xatırladılar.
Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binası ilə tanış oldular.
Bina dövlətimizin başçısının müvafiq sərəncamı əsasında yaradılıb. Girişdə Ulu Öndərin büstü qoyulub. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev bildirdi ki, inzibati binadakı muzeydə elektron məlumat mərkəzi vasitəsilə Ümummilli Liderin veteranlarla görüşləri, Azərbaycan İkinci Dünya müharibəsi illərində, Azərbaycan Böyük Vətən müharibəsindən sonra, Prezident İlham Əliyevin veteranlarla görüşləri, Azərbaycan Qarabağ savaşında, ölkəmizin dünəni və bu günü mövzularında sənədlər, foto və videoarxivlə tanış olmaq mümkündür. Heydər Əliyev guşəsində müxtəlif fotolar və eksponatlar yer alıb. Burada veteranların və qonaqların müxtəlif kitabları mütaliəsi üçün də müvafiq şərait var. Prezident İlham Əliyevin veteranlarla görüşləri, veteranlara dövlət qayğısından bəhs edən guşədə də zəngin eksponatlara yer ayrılıb.
Dövlətimizin başçısına məlumat verildi ki, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının yeni inzibati binasında səmərəli fəaliyyət üçün hərtərəfli şərait yaradılıb. Qeyd olundu ki, müşavirə otağında da informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi maksimum diqqətdə saxlanıb. Müasirliyi ilə diqqəti çəkən akt zalında da müxtəlif tədbirlərin keçirilməsi üçün hərtərəfli şərait var. Binanın təchizatı ən yüksək standartlara cavab verir. Veteranlar burada gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi üçün silsilə tədbirlər keçirə biləcəklər. İnzibati binanın dəhlizində Azərbaycanın Milli Qəhrəmanları və Sovet İttifaqı Qəhrəmanlarının şəkillərindən ibarət fotoguşələr yaradılıb. Ümumilikdə, yeni inzibati bina səmərəli fəaliyyət üçün hər cür şəraitə malikdir.
Bina ilə tanışlıqdan sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva veteranlar ilə görüşdülər.
Dövlətimizin başçısı görüşdə çıxış etdi.
Prezident İlham Əliyev qeyd edib: "Əziz veteranlar, İlk növbədə, sizi qarşıdan gələn 9 May – Qələbə Günü münasibətilə ürəkdən təbrik etmək, sizə cansağlığı arzulamaq istəyirəm. Mən mayın 9-da Moskvada keçiriləcək bayram tədbirlərində iştirak edəcəyəm. Ona görə, bizim ənənəvi görüşümüzü bu gün - mayın 7-də keçiririk. Hər il biz sizinlə görüşürük və bu görüşlərin çox böyük mənası var. Eyni zamanda, bu gün veteranların həyatında əlamətdar gündür. Çünki veteranlar üçün yeni gözəl inzibati bina istifadəyə verilir. Keçən il veteranlar təşkilatının nümayəndələri mənə müraciət etmişdilər. Dərhal qərar qəbul edildi və gözəl iş yeri tikildi.
Ən yüksək standartlara cavab verən bu mərkəzdə veteranlar çalışacaqlar. Burada bütün şərait yaradılıb və biz bunu qısa müddət ərzində etmişik. Yəni, bu, bir daha onu sübut edir ki, Azərbaycan dövləti öz veteranlarına böyük qayğı və diqqət göstərir. Veteranlar yüksək mükafatlarla təltif olunur, onlara minik maşınları verilir. Növbədə duran bütün veteranlara avtomobillərin verilməsi prosesi bu il başa çatacaq. Mənzillər, pul mükafatı verilir. Onu da qeyd etməliyəm ki, MDB məkanında ən yüksək pul mükafatı məhz Azərbaycanda verilir. Siz buna layiqsiniz. Siz Vətəni müdafiə etmisiniz, qəhrəmanlıq göstərmisiniz və Azərbaycan dövləti sizin fəaliyyətinizi çox yüksək qiymətləndirir. Ulu öndər Heydər Əliyevin siyasəti də məhz ondan ibarət idi ki, biz müharibə veteranlarına daim diqqət göstərək.
Əfsuslar olsun ki, müstəqilliyimizin ilk illərində o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Qələbə Gününü bayram günləri siyahısından çıxarmışdı. Yəni, bu bayram ləğv edilmişdi. Onlar elə bil ki, sizin qəhrəmanlığınızı tarixdən silmək istəyirdilər. Ancaq onların özləri tarixdən və siyasi səhnədən silindi, Azərbaycan xalqı o antimilli hakimiyyətə dözə bilmədi. Xalqın tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra tarixi ədalət bərpa edildi, 9 May – Qələbə Günü rəsmi bayram kimi təsdiq olundu və o gündən bu günə qədər biz bu bayramı qeyd edirik. Bu, bizim dövlət bayramımızdır, əziz bayramımızdır".
Dövlət başçısı vurğulayıb ki, Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib: "Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub. 123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilib. 170 min nəfər isə müxtəlif orden və medallarla təltif olunub. Bu, Azərbaycan xalqının qəhrəmanlığını təsdiq edən statistik göstəricilərdir. Eyni zamanda, Azərbaycan alman faşizmi üzərində Qələbənin əldə edilməsində həlledici rol oynayıb. Mən bunu tam məsuliyyətlə deyirəm. Çünki Azərbaycan nefti, Azərbaycan neftçilərinin əməyi olmasaydı, müharibənin nəticələri tam fərqli ola bilərdi. O vaxt - müharibə illəri zamanı Sovet İttifaqında 110 milyon ton neft hasil edilmişdi. Ondan 75 milyon tonu Azərbaycan neftçiləri tərəfindən hasil edilmişdi. Təsadüfi deyil ki, alman faşizmi Bakını zəbt etmək üçün çox böyük səylər göstərmişdi. Çünki əgər Bakını zəbt etsəydilər, o zaman bütün Sovet İttifaqının əksər enerji resurslarına sahib çıxmış olacaqdılar və beləliklə, yanacaq qıtlığı ucbatından müharibənin nəticələri tam başqa ola bilərdi.
Bakını sovet ordusu müdafiə etdi və bu, xalqımızı böyük bəlalardan xilas etdi. Azərbaycanın 300 min nümayəndəsi qəhrəmancasına həlak oldu. Ancaq əgər Hitlerin ordusu Bakını zəbt etsə idi, xalqımıza qarşı soyqırımı törədilərdi. Çünki faşizm ideologiyası irqçilik, ayrı-seçkilik, ksenofobiya, başqa millətlərə qarşı nifrət üzərində qurulmuşdu. Bakının qəhrəmanlığı bu gün dünya üçün də artıq sirr deyil və biz çalışmalıyıq ki, Azərbaycan xalqının, Azərbaycan zəhmətkeşlərinin qəhrəmanlığını bütün dünyaya nümayiş etdirək. Bu yaxınlarda çəkilən və nümayiş etdirilən sənədli film də Azərbaycanın ümumi Qələbəmizə nə qədər böyük töhfə verdiyini əyani şəkildə göstərir. Azərbaycan neftçiləri ilə bərabər Azərbaycan zəhmətkeşləri də böyük fədakarlıq göstərmişlər".
İlham Əliyev deyib ki, müharibə zamanı Azərbaycanın sənaye müəssisələrində 130 növ silah-sursat istehsal olunurdu ki, bu da Qələbəmizin əldə edilməsində mühüm rol oynamışdı: "Biz bütün bu tarixi faktları bilirik. Bizim gənc nəslimiz də, dünya da bilməlidir. Biz Azərbaycanın faşizm üzərində Qələbənin əldə edilməsindəki müstəsna rolu haqqında danışırıq, danışacağıq və bundan sonra da bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdıracağıq. Əfsuslar olsun ki, bu gün faşizm ideologiyası bəzi yerlərdə yenə də baş qaldırır. Biz buna imkan verə bilmərik, biganə qala bilmərik. Müharibə haqqında həqiqətlər təhrif olunur. Sanki kimsə tarixi yenidən yalan, siyasi sifariş üzərində yazmaq istəyir. Sovet ordusunun Qələbənin əldə edilməsində həlledici rolunu bəzi qüvvələr danmaq istəyirlər. Bu, dözülməzdir, qəbuledilməzdir. Ona görə hamımız - veteranlar, siyasətçilər, ictimaiyyət, dünya ictimaiyyəti bu məsələ ilə bağlı öz sözünü deməlidir və biz bu sözü deyirik. Tarixi təhrif etməklə yanaşı, faşistlərin qəhrəmanlaşdırılması prosesi də gedir. Biz buna da dözə bilmərik. Çünki faşizm ideologiyası Yer kürəsində ən çirkin, təhlükəli, dəhşətli ideologiyadır. Bu gün müxtəlif ölkələrdə neofaşizm meyillərinin güclənməsi bizi haqlı olaraq narahat edir. Bizə elə gəlirdi ki, faşizm ideologiyası ilə artıq məsələ bağlandı. Bundan sonra bu, heç vaxt baş qaldırmayacaq. Ancaq əfsuslar olsun ki, biz görürük, yürüşlər, müxtəlif tədbirlər keçirilir. İndi həmin ideologiya başqa adlarla pərdələnərək dirçəlməyə başlayır.
Avropada antimiqrant hərəkatı də məhz faşizm, irqçilik, ayrı-seçkilik ideologiyası üzərində qurulur. Hesab edirəm ki, dünya siyasətçiləri öz sözünü deməlidirlər. Biz neofaşizmin nə qədər böyük fəlakət olduğu haqqında öz sözümüzü deyirik və deyəcəyik. Ona görə mən çox şadam ki, siz veteranlar həmişə olduğu kimi, öz fəal mövqeyinizlə seçilirsiniz və sizin sözünüzün çox böyük mənası var. Siz müharibənin, o tarixin canlı şahidlərisiniz, onun iştirakçılarısınız".
Prezident qeyd edib ki, əfsuslar olsun ki, Azərbaycan xalqı da XX əsrin sonlarında faşizm ideologiyasının nəticəsi olan Qarabağ fəlakəti, işğalı ilə üzləşmişdi: "Biz XX əsrin sonlarında erməni faşizmi ilə üzləşdik. Bizə qarşı aparılan işğalçı siyasət, xalqımıza qarşı törədilən Xocalı soyqırımı məhz erməni faşizminin təzahürüdür. Bu gün dünyada erməni faşizmi haqqında kifayət qədər sənədlər, kitablar, məqalələr dərc edilir. Erməni faşizmini ifşa etmək üçün əsas yükü biz öz üzərimizə götürmüşük. Günahsız insanlar, qadınlar, uşaqlar ona görə öldürülürdü ki, onlar azərbaycanlıdır. Biz erməni faşizminə qarşı mübarizə aparırıq və qurbanlarımızın qanını yerdə qoymuruq. Biz lazımi tədbirləri görürük və görəcəyik ki, faşistləri layiqincə cəzalandıraq. Azərbaycan Ordusu indi bütün lazımi tədbirləri görür. Eyni zamanda, Ermənistanda Hitlerə qulluq edən faşistlərin xatirəsinə hörmət göstərilir, onların adları küçələrə, meydanlara, parklara verilir. Siz veteranlar bir neçə ölkənin dövlət başçısına məktubla müraciət etmisiniz, erməni faşizmi haqqında yazmısınız, Ermənistanda faşistlərin qəhrəmanlaşdırılması haqqında yazmısınız. Mən bunu alqışlayıram. Bunu hər kəs bilməlidir. Bu, dözülməzdir. Ona görə, Azərbaycanın həm İkinci Dünya müharibəsindəki rolu, həm bu gün bizim mövqeyimiz haqqında dünya bilir və bilməlidir. Bəzi ölkələr indi tarixi həqiqətləri danmaq istəyirlər. Bir daha demək istəyirəm ki, tarixi təhrif etmək, faşizmi kommunizmlə bərabərləşdirmək istəyirlər. Bu, dözülməzdir.
Bu gün biz əlbəttə ki, azad cəmiyyətdə yaşayırıq. Bazar iqtisadiyyatı, siyasi plüralizm, demokratiya, çoxpartiyalı sistem - bunlar sovet dövründə mümkün deyildi. Ancaq, eyni zamanda, Sovet İttifaqını faşist Almaniyası ilə müqayisə etmək həm ədalətsizlikdir, həm də böyük cinayətdir. Biz öz tarixi keçmişimizə hörmətlə yanaşırıq. Keçmişdə yaxşı hallar da, acınacaqlı məqamlar da olub. Azərbaycan xalqı da bir çox hallarda ədalətsizliklə üzləşib. Ancaq biz tarixi heç vaxt saxtalaşdırmamalıyıq".
İlham Əliyev deyib ki, bu gün yeni tarix yazılır. Müstəqil Azərbaycan öz tarixini yazır. Bu tarix şərəfli tarixdir. Bu gün Azərbaycan dünya miqyasında çox böyük hörmətə malik olan ölkədir. Azərbaycan böyük beynəlxalq tədbirlərə ev sahibliyi edir. Azərbaycanın iqtisadi inkişafı bu gün nümunə ola bilər: "Böhranlı illərdə biz öz prinsipial siyasətimizdən kənara çıxmırıq. Biz xalqın rifah halını yaxşılaşdırmaq üçün əlimizdən gələni edirik. Bu gün Azərbaycanın dünyadakı rolu kifayət qədər böyükdür, mövqelər möhkəmdir, daxildə sabitlik, xalqla iqtidar arasında vəhdət var. Azərbaycan çoxmillətli ölkə kimi dinlərarası, mədəniyyətlərarası münasibətlərin tənzimlənməsi işində nümunədir. Bu gün müstəqilliyimizin tarixini biz - siz veteranlar, gənc nəsil yazırıq. Bu gün biz azadıq, müstəqilik və bu, bizim ən böyük sərvətimizdir. Müstəqil Azərbaycan dövləti öz veteranlarına çox böyük hörmətlə yanaşır. Bu, dövlət siyasətidir, ədalətli siyasətdir.
Mən Sizi qarşıdan gələn gözəl bayram münasibətilə bir daha ürəkdən təbrik etmək istəyirəm. Sizə bir daha cansağlığı, yeni uğurlar arzulamaq istəyirəm. Sağ olun".
Böyük Vətən Müharibəsi veteranı Fatma Səttarova çıxış etdi.
Dövlətimizin başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya onlara hərtərəfli qayğıya, eləcə də Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının ən müasir standartlara cavab verən yeni inzibati binasına görə veteranlar adından dərin təşəkkürünü bildirərək dedi:
- Əziz Prezidentimiz İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti, xanımlar xanımı Mehriban Əliyeva.
Mən veteranlar adından və şəxsən öz adımdan Sizə böyük təşəkkürümü bildirirəm. Siz bu şad günümüzdə bizi çox sevindirdiniz. Biz Qələbənin 70 illiyini qeyd edirik. Bu, müharibə iştirakçıları üçün böyük bayramdır. Bizi sevindirən ikinci məsələ odur ki, Siz bu gün bizə bu gözəl binanı bəxş edirsiniz. Sizə “Çox sağ olun” deyirik. Allah Heydər Əliyevə rəhmət etsin. O, zəmanəmizin peyğəmbəri idi. Mən ancaq bunu deyə bilərəm. O, özündən sonra Sizin kimi bir oğul, xalqını, torpağını, millətini sevən bir şəxsi qoyub getdi. Allah Ulu Öndərimizə qəni-qəni rəhmət eləsin. Sizə böyük təşəkkürümüzü bildiririk.
Mehriban xanım, Siz həm bizim Prezidentin həyat yoldaşı, həm də onun balalarının anasısınız. Mən Sizin bütün fəaliyyətinizi televizordan izləyirəm. Mən burada olan və olmayan veteranlar adından Sizə təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sonra çıxış edənlər ölkədə veteranlar üçün görülən işləri yüksək qiymətləndirdilər, yeni inzibati binanın veteranlara göstərilən dövlət qayğısının təzahürü olduğunu dedilər.
Professor, Prezident təqaüdçüsü və əməkdar incəsənət xadimi Musa Bağirov ulu öndər Heydər Əliyevin veteranlara qayğısından danışdı, bu siyasətin Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirildiyini bildirdi.
Sonra hazırda SOCAR-ın “Ekol Mühəndislik Xidmətləri”ndə baş direktorun müşaviri vəzifəsində çalışan Kamil Hakimov çıxış edərək dedi:
- Möhtərəm Prezident, hörmətli Mehriban xanım,
Mən 1943-1947-ci illərdə Neft Texnikumunda oxuya-oxuya neft emalı zavodunda işləmişəm və neftçilərin fədakarlığının şahidi olmuşam. Möhtərəm Prezident, Siz bizim neftçilərin gördüyü işlərə çox düzgün qiymət verdiniz. Siz haqlı olaraq dediniz ki, Qələbənin qazanılmasına Bakı neftçiləri mühüm töhfələr veriblər. O vaxt Sovet İttifaqında hasil olunan neftin 70-80 faizini Bakı neftçiləri təmin edirdi. Mən öz əllərimlə ordu üçün neft məhsulları, sürtgü yağları hazırlamışam. Müharibədən sonra biz çörəkbişirmə müəssisələri üçün yağ istehsal edirdik. Bunu da Azərbaycan alimləri ixtira etmişdilər.
Möhtərəm Prezident, mən ömrüm boyu neft emalı sənayesində çalışmışam. 1970-1980-ci illərdə ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi altında nazir işləmişəm, neft emalı sənayesinə rəhbərlik etmişəm. Sonra məni Fidel Kastronun xahişinə və Moskvanın göstərişinə əsasən Kubaya göndərib. Dörd il Kubada Fidel Kastronun aparatında nazirin müşaviri işləmiş və eyni zamanda, bütün zavodlarda çalışan sovet mühəndislərinə rəhbərlik etmişəm. 1982-ci ilin aprel ayında Ulu Öndərimiz Meksikadan qayıdarkən Havanada məni aeroporta dəvət etdirdi. Soruşdu ki, bilirsən niyə dəvət etmişəm? Cavab verdim ki, bilmirəm. Ancaq iki ildir ki, respublikadan, Sizdən ayrılmışam. Çox darıxırdım. Bu görüşə görə Sizə minnətdaram. Sonra işimlə, vəziyyətimlə maraqlandı.
Möhtərəm Prezident, bunları söyləməklə demək istəyirəm ki, Ulu Öndərin diqqət və qayğısını həmişə hiss etmişəm. O böyük insanın xatirəsi mənim qəlbimdə həmişə yaşayıb və yaşayacaq. Mən fəxr edirəm ki, o böyük insanın rəhbərliyi altında 10 il nazir işləmişəm.
Bir peşəkar neft emalı işçisi kimi Sizə də minnətdaram ki, Ulu Öndərin neft strategiyasını uğurla davam etdirirsiniz. İndi böyük neft emalı zavodları tikilir. Bütün bunlar çox qürurvericidir.
Mən Sizin bayramınızı təbrik edirəm, Mehriban xanıma minnətdarlığımı bildirirəm. Sizə möhkəm cansağlığı diləyirəm. Sağ olun.
Daha sonra Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri general-mayor Dadaş Rzayev çıxış edərək dedi:
- Hörmətli cənab Prezident, icazə verin, Sizi və Mehriban xanımı Qələbənin 70 illiyi münasibətilə ürəkdən təbrik edim, Sizə cansağlığı, uzun ömür arzulayım.
Cənab Prezident, 1994-cü il iyunun 28-də Ulu Öndər tərəfindən veteranların hüquqları bərpa olunmuşdur və o dövrdən başlayaraq veteranlara böyük diqqət və qayğı göstərilir. Siz o qayğını bu gün davam etdirirsiniz. Veteranlar təşkilatı üçün yeni inzibati binanın istifadəyə verilməsi bunun bariz nümunəsidir. Buna görə Sizə çox minnətdarıq.
Cənab Prezident, Sizin işiniz göz qabağındadır. Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Siz Azərbaycanı bütün dünyaya tanıtmısınız.
Dadaş Rzayev müharibə veteranlarına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə bir daha minnətdarlığını bildirdi.
General-mayor Dadaş Rzayev veteranlara göstərilən müstəsna diqqət və qayğıya görə ”Veteran Həmrəyliyi” medalını və vəsiqəsini dövlətimizin başçısına təqdim etdi.
Dadaş Rzayev respublikamızda veteran hərəkatının gücləndirilməsinə və veteranlara göstərdiyi yüksək diqqət və qayğıya görə birinci xanım Mehriban Əliyevaya Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından “Veteranların qayğıkeşi” diplomunu təqdim etdi.
Sonra dövlətimizin başçısına yenicə nəşr olunan “ Azərbaycanlılar Böyük Vətən müharibəsində” kitabı, “İgid oğullarla bir cərgədə” ensiklopedik toplusu və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanova həsr olunmuş “Sərkərdənin taleyi” kitabı, həmçinin yeni çap olunmağa başlayan “Azərbaycan veteranı” qəzetinin Böyük Vətən müharibəsində Qələbənin 70 illiyinə həsr edilmiş nömrəsi hədiyyə olundu.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının bayrağı da Azərbaycan Respublikası Prezidentinə təqdim edildi.
Görüşün sonunda Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva veteranları bir daha təbrik etdilər və ən xoş arzularını bildirdilər.
Sonda xatirə şəkli çəkdirildi.