18 May 2015 14:43
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu gün mədəni müxtəlifliyin beynəlxalq gündəlikdə daha yüksək səviyyədə saxlanılması insan təhlükəsizliyi üçün mühüm əhəmiyyət kəsb edir”.

Bunu Bakıda keçirilən III Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun “Mədəniyyəti ortaq təhlükəsizlik naminə paylaşaq: Müasir dövrdə yumşaq güc və müxtəlifliyin müsbət cəhətlərinə töhfələr” panelində çıxışı zamanı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Ə. Qarayev bildirib ki, forumun qarşısında duran ən yüksək missiya mədəniyyətin paylaşılmasının qlobal təhlükəsizlikdə rolunu araşdırmaqdır: “Bu gün hadisələr o qədər yüksək sürətlə inkişaf edir, məzmun və xarakterini o qədər dəyişir ki, onları proqnozlaşdırmaq və qiymətləndirmək elə də asan olmur. Ancaq bütün baş verənlərin ana xətti ondan ibarətdir ki, milli, mədəni, ideoloji və dini ziddiyyətlər gündən günə artır. Bunun nəticəsi olaraq yaranan münaqişələr dəhşətli faciələrə gətirib çıxarır. Əsas problem odur ki, bugünkü dünyada insanın milli, dini, irqi kimliyinin digərləri tərəfindən qəbul edilməməsindən insan təhlükəsizliyinə hədə və təhlükələr artmaqdadır. Bu mənada hər yerdə dialoq, anlaşma, sülh, sabitlik, mehriban birgə yaşama, tolerantlıq kimi şüarların və təbliğat işlərinin geniş yayılması olduqca vacibdir. Hər ölkə bu məsuliyyəti, missiyanı öz üzərinə götürməli və bunu daşımaq haqqına sahib olmalıdır. Ətrafımızda baş verən hadisələrin fonunda sizin dəstəyinizlə həyata keçirilən Bakı prosesi, əməkdaşlıq və dialoqu təşviq edən platforma və layihələr qlobal xoşməramlı çağırışdır. Bu, həm də dünyada milli, irqi, dini və məzhəblər arasında ziddiyyətlərin artdığı, ekstremizm düşüncə tərzinin genişləndiyi bir dövrdə Azərbaycanın multikultural və intellektual resurslarının, tarixən malik olduğumuz birgə yaşama ənənələrinin beynəlxalq səviyyədə model kimi öyrənilməsi üçün yaxşı imkandır”.

/APA/


Müəllif:

Oxşar xəbərlər