20 May 2015 17:12
2 893
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş leytenant Xətai Şahverdiyev: "Biz bundan da təhlükəli yanğınlar görmüşük"

Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Hissəsinin əməkdaşları sakinləri xilas edilməsi üçün böyük şücaət göstəriblər.

Nəsimi rayon Yanğından Mühafizə Hissəsinin baş leytenantı Şahverdiyev Xətai Akif oğlu yanğının söndürülməsində, sakinlərin həyatının xilas edilməsində xüsusi fərqlənib. X.Şahverdiyev yanğının ən güclü vaxtında 14-cü mərtəbəyə qalxaraq köməksiz vəziyyətdə olan orta yaşlı kişini çətinliklə xilas edə bilib. O, öz həyatını təhlükə altına ataraq, vətəndaşı yanğından qorumaq üçün əynimdəki paltarını, əleyhqazı ona verərək çölə çıxarıb.

X.Şahverdiyev Teleqraf.com-a açıqlamasında bildirib ki, xilasetmə zamanı ona heç bir ciddi xəsarət dəyməyib.

"Bu, bizim işimizdir, vəzifə borcumuzdur. Biz bundan da təhlükəli yanğınlar görmüşük, çətin vəziyyətdə olan insanları xilas etmişik. Dünəndən bəri barəmdə çox yazılıb. Amma istəmirəm ki, yerinə yetirdiyim borcu şücaət, qəhrəmanlıq kimi ictimaiyyətə təqdim etsinlər. Hamı kimi mən də öz işimi görmüşəm. Allah ölənlərə rəhmət, qalanlara şəfa versin" - deyə, X.Şahverdiyev qeyd edib.

Baş leytenant sabahdan işə çıxacağını bildirib: "Sabahdan işə çıxacam. Arzu edirəm ki, heç vaxt yanğın olmasın, insanlar ölməsin, yaralanmasın. Amma əgər bir daha bədbəxt hadisə olarsa, bütün yoldaşlarım kimi mən də öz görəvimi yerinə yetirəcəm".

X.Şahverdiyev sonda əlavə etdi ki, mətbuat tək onun deyil, bütün FHN əməkdaşlarının xidmətlərindən yazsın: "Mən oradakı həmkarlarımdan heç də fərqlənməmişəm. Onlar da mənim kimi üzərlərinə düşən işləri görüblər. Yəni hər bir FHN əməkdaşı həmin stiuasiyada öz borcunu yerinə yetirmək, yanğını söndürmək və insanları xilas etmək barədə düşünür. Siz jurnalistlərə də təşəkkür edirəm ki, fəaliyyətimizi obyektiv qiymətləndirirsiz".

Ruslan


Müəllif:

Oxşar xəbərlər