Bu gün Bakıda “Mühüm idman yarışlarında sərnişinlərin və yüklərin keçidinin idarə olunması üzrə TAİEX seminarı” işə başlayıb.
Publika.az-ın məlumatına görə, Avropa Komissiyasının təşkil etdiyi seminar Azərbaycanın Dövlət Gömrük Komitəsinin işçiləri üçün nəzərdə tutulub.
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib ki, tədbirin əsas məqsədi “Bakı 2015” ilk Avropa Oyunları ərəfəsində böyük sərnişin axınının və yüklərin idarə olunması istiqamətində Dövlət Gömrük Komitəsinə dəstək verməkdir.
Onun sözlərinə görə, seminarda silahların müvəqqəti idxalı və rəsmiləşdirilməsi prosesi, xüsusi icazə tələb edilən mallar, kütləvi sərnişin axınının idarə edilməsi, idmançıların, məşqçilərin, şəxsi heyətin yüklərinin rəsmiləşdirilməsi prosesi, sənədlərin sadələşdirilməsi, idmançı və şəxsi heyət üçün gətirilən yüklərin sənəd çatışmazlığı halında hansı qaydada rəsmiləşdirilməsi, Avropa Oyunları ərzində qadağan və məhdudiyyət qoyulmuş malların gömrük ərazisinə gətirilməsi və təhlükəsizlik məsələləri müzakirə ediləcək:
“Seminar onun rəhbərlik etdiyi qurum və Avropa İttifaqının Bakı ofisi ilə birgə təşkil olunub. Seminarın məqsədi Azərbaycan gömrük xidmətində çalışan əməkdaşlara I Avropa Oyunları ilə bağlı müəyyən məlumatların verilməsi, o cümlədən müəyyən təcrübənin keçirilməsidir. Bu məqsədlə Avropa İttifaqının Bakı ofisinin təşəbbüsü və maliyyə dəstəyi ilə seminara Avstriyadan iki mütəxəssis dəvət olunub. Həmin mütəxəssislər Avropa Oyunları ilə bağlı gömrükçülərə təlimlər keçəcək. Bilirsiniz ki, Avropa Oyunları ilə əlaqədar ölkəmizə gələn sərnişinlərin, o cümlədən gətirilən yüklərin sayında xeyli artım gözlənilir. Xarici dilləri bilən gömrükçülər Avropa Oyunları ilə əlaqədar sərhədlərə cəlb olunacaq”.