İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə korrupsiya əleyhinə “Korrupsiyasız gələcək: Vətəndaş fəallığının artırılması və antikorrupsiya tədbirlərinin təşkili” layihəsinin növbəti tədbiri Qubada keçirilib.
Birlikdən Teleqraf.com-a verilən məlumata görə, “Korrupsiyasız gələcək: Şəffaf cəmiyyətin formalaşmasında vətəndaş fəallığı” mövzusunda keçirilən Forumda idarə və müəssisələrdən nümayəndələr, müəllimlər, həkimlər, media və QHT təmsilçiləri, bələdiyyə üzvləri, sosial şəbəkə aktivləri iştirak edib.
Birliyin sədri Rəfail Becanov tədbir iştirakçılarına layihə haqqında geniş məlumat verib: “Korrupsiya ilə mübarizədə ictimai fəalliğın artırılmasını əsas vasitə hesab edirik. Dövlətin korrupsiya ilə mübarizəyə dair qanunvericilik bazası və konkret iradəsi vardır. Vətəndaş cəmiyyəti sektorunun, vətəndaşlarımızın, dövlət qurumlarının qarşısında duran əsas vəzifə dövlətin anti-korrupsiya siyasətinin həyata keçirilməsində iştirak etməkdir. Bir neçə gün öncə Bakı şəhərində baş verən faciəli hadisə bağlı yaradılan Dövlət Komissiyasının iclasında Prezident İlham Əliyev qanunsuz əməllərə qarşı mübarizədə konkret addımlar atılacağını, əməllərində qanunsuzluq olanların sərt şəkildə cəzalandırılacağını bildirdi. Dövlət başçısı eyni zamanda məmurların məsuliyyətli olması, iş adamlarının qanunlara riayət etməsinin vacibliyi, onların dövlət əmlakını talan etməsinin qarşısının qətiyyətlə alınacağı, bu adamların arxasında duran dövlət məmurlarının isə nəinki vəzifələrini itirəcəyi, həm də cəzalanacığı ilə ciddi mesajlar verdi. Bu mövqe korrupsiya və rüşvətlə bağlı mübarizədə çox təsirli addım olacaq”.
Layihə rəhbəri daha sonra “Facebook” sosial şəbəkəsində yaradılan “Açıq Hökumət” qrupunda vətəndaş fəallığının artırılması üçün görülən işlərdən danışıb.
Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Mehman Muradlı məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına korrupsiya faktları ilə bağlı başlanan cinayət işlərinin statistikası ilə bağlı məlumat verib. Daha sonra isə dövlətin korrupsiya ilə bağlı mübarizə üçün qəbul etdiyi qanunvericilik toplusunu müzakirə iştirakçılarının diqqətinə çatdırıb.
Əlil Qadınlar Təşkilatı Sumqayıt şöbəsinin sədri, layihənin sosial şəbəkə qrupunun rəhbəri Səbinə Kərimova çıxış edərək, korrupsiya ilə mübarizədə sosial şəbəkələrin və yeni medianın rolundan danışıb.
“Nurlu Sabah” Uşaq-Gənclər Təşkilatının sədir Ramin Xudayev çıxışında layihənin əhəmiyyətindən danışaraq qeyd edib ki, bu layihə olduqca vacibdir: “Çünki gənclərimizin hüquqlarını bilməsi, öz haqqını müdafiə etməsi, fəaliyyətlərinin qanunlara söykənərək korrupsiya ilə mübarizə üçün çox ciddi təsir edən faktordur. Maarifləndirici tədbirlərlə biz bunu daha geniş auditoriyaya çatdıra bilərik”.
BƏXTİYAR