Korrupsiya Əleyhinə Parlamentarilərin Qlobal Təşkilatı (GOPAC) BMT-nin İnkişaf Proqramının dəstəyi ilə Belqradda, Serbiya Milli Assambleyasında beynəlxalq konfrans keçirib.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti konfransda iştirak edib.
Dövlət Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, konfransda Azərbaycan brendi olan “ASAN xidmət”in yaradılması və fəaliyyət məqsədləri barədə geniş təqdimat keçirilib. Dövlət xidmətlərinin daha effektiv, şəffaf yolla çatdırılmasında, korrupsiyaya qarşı mübarizədə, eyni zamanda, elektron hökumət quruculuğunda “ASAN xidmət”in xüsusi rolu qeyd olunub. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.
Təqdimat tədbir iştirakçılarının böyük marağına səbəb olub. Onları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə “ASAN xidmət” və GOPAC-la əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və “ASAN” təcrübəsinin öyrənilməsi istiqamətində davamlı görüşlərin keçirilməsi müzakirə olunub.
Konfrans iştirakçıları dövlət xidmətlərinin göstərilməsi sahəsində “ASAN xidmət” konsepsiyasının örnək model olduğunu və bu təcrübənin digər ölkələrdə tətbiqinin əhəmiyyətini vurğulayıblar. Parlamentarilər “ASAN xidmət”i dünyanın ən nüfuzlu mükafatı olan BMT-nin “Dövlət Xidmətləri Mükafatı”na layiq görülməsi münasibətilə təbrik ediblər.