26 May 2015 17:29
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının (AJQA) təşkilatçılığı ilə “Azərbaycan Xalq Cumhuriyyəti- 97. Şərqdə ilk demokratik dövlət” adlı konfrans keçirilib.

AJQA-nın prezidenti Sevil Yusifova ADR-in yaranmasının Şərqdəki müsəlman dövlətlərin də demokratikləşməsinə təkan verdiyini dilə gətirib:

“Tariximizi öyrəndikcə şahid oluruq ki, Azərbaycan xalqı uzun zaman milli azadlığı, istiqlalı uğrunda mübarizə aparıb. Rus boyunduruğundan yaxa qurtarmaq bizlərə XX əsrin əvəllərində nəsib olub. Məhz XX əsrin əvvəllərində Azərbaycanda milli -azadlıq hərəkatı güclənib. Rusiya imperiyasının dağılması Azərbaycan adlı dövlətin yaranması şansını artırıb. Milli mücadilə insanlarımızın mübarizəsi nəticəsində 1918-ci il mayın 28-də Azərbaycan Demokratik Respublikası elan edilib”.

S. Yusifova həmin günü həm Şərqdə, həm də Azərbaycanda əlamətdar bir hadisə olduğunu xatırladıb. O, ADR-in yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadənin, F.Xoyskinin, N.Yusifbəylinin, A.Səfikürdskinin, Ə.Topçubaşovun, X.Xasməmmədovun və başqalarının çox böyük rolu olduğunu vurğulayıb.

Sonra AMEA-nın Şərqşünaslıq institutunun direktoru, millət vəkili AMEA Gövhər Baxşəliyeva ADR-in qadın siyasəti haqqında məruzəsi dinlənilib.

O, bildirib ki, qadınların cəmiyyətdə yeri, onların hüquq və azadlıqlarının təmin olunması məsələləri Azərbaycan ictimai-siyasi fikrini daim düşündürən problemlərdən biri olub: “Müsəlman qadının sosial-ictimai vəziyyəti, təhsili və mədəni səviyyəsinin artması ilə bağlı məsələlər XIX əsrin sonları XX əsrin əvəllərində Azərbaycan ədəbi və ictimai fikrinin görkəmli nümayəndələrini daim narahat edib, onlar öz yazılarında icitmai fəaliyyətlərində qadın azadlığına sosial tərəqqinin mühüm amili kimi nəzərdən keçiriblər”.

Millət vəkili Məlahət İbrahimqızı ADR-in təhsilə verdiyi önəmdən, cəmiyyətdə formalaşdırdığı tərəqidən söhbət açıb.

O, bəzi Qərb dövlətlərində 1970-ci illərdə qadına yüksək hüquqlar verildiyi halda, ADR-in bu hüquqları 97 il bundan öncə verdiyini xatırladıb.

Millət vəkili vurğulayıb ki, Azərbaycanın müstəqillik aktına imzanı da məhz Azərbaycan qadını atıb.
M. İbrahimqızı müasir Azərbaycan qadınının hüquqlarından, cəmiyyətdəki yerindən misal çəkərək Skandinaviya ölkələri ilə müqayisə aparıb.

Tədbirdə həmçinin, professor Cahangir Məmmədli, TUMİB-in sədri Çingiz Bayramov və digər elm xadimləri, QHT rəhbərləri və media nümayəndələri çıxış ediblər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər