Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin dəvəti ilə Birləşmiş Ərəb Əmirlikləri Milli Təhlükəsizlik Ali Şurasının Liman, Sərhəd və Azad zonaların Təhlükəsizliyi Baş İdarəsinin baş direktoru Casim Məhəmməd Əz-Zaabinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə rəsmi səfərdə olub.
DSX-nın mətbuat mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində qonaqlar DSX aparatında Sərhəd Qoşunlarının Komandanı general-polkovnik E.Quliyev tərəfindən qəbul ediliblər.
Görüş zamanı Azərbaycanla Birləşmiş Ərəb Əmirliklərinin bu qurumları arasında ikitərəfli əlaqələrin perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tərəflər arasında beynəlxalq terrorçuluq, qeyri-leqal miqrasiya, narkotiklərin daşınması kimi cinayətlərlə mübarizə, dəniz sərhədlərinin təhlükəsizliyi sahəsində əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsi və qarşılıqlı səfərlərin təşkili məsələlərinə baxılıb. Azərbaycanın dövlət sərhədindəki əməliyyat şəraiti və mövcud təhdidlər, sərhəd təhlükəsizliyinin gücləndirilməsi, müasir təlim-tədris sisteminin yaradılması istiqamətində görülmüş işlər və əldə olunmuş nailiyyətlər barədə təqdimat keçirilib.
Nümayəndə heyəti DSX-nın Sahil Mühafizəsinə, Akademiyasına və “Sərhədçi” Olimpiya İdman Mərkəzinə səfərlər edərək xidmətin və təlim-tədris prosesinin təşkili, yaradılmış şərait və maddi-texniki baza ilə yaxından tanış olublar.
Səfər müddətində qonaqlar Müdafiə Sənayesi Nazirliyində, Dövlət Miqrasiya Xidmətində işgüzar görüşlər keçiriblər.
Birləşmiş Ərəb Əmirliklərinin nümayəndə heyəti Qəbələ rayonunun mədəni-tarixi yerlərini ziyarət etməklə yanaşı, Bakı şəhərində, o cümlədən ölkəmizdə keçiriləcək “Bakı-2015” 1-ci Avropa Oyunları ilə əlaqədar aparılan geniş miqyaslı abadlıq-quruculuq işləri ilə tanış olublar.
BƏXTİYAR