29 May 2015 17:49
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycanda İctimai Televiziya yarandığı gündən cəmiyyətin buna çox böyük dəstəyi oldu”.

Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin iclasında İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının tərkibində dəyişikliklər edilməsi məsələsinin müzakirəsi zamanı deputat Fuad Muradov deyib. Onun sözlərinə görə, İTV haqqında iradlar da mövcuddur, bəzi çatışmazlıqlar da var:

“Biz İTV-nin Yayım Şurası olaraq hər il hesabat dərc edirik. Bu hesabatda televiziyada gedən neqativ, pozitiv proseslər öz əksini tapır. Azərbaycan məkanında cəmi 2 televiziya var ki, onlar dövlət büdcəsindən maliyyələşir. Buna görə də onlara tələb tamamilə başqadır. Televiziyada gedən proseslər bəzən bizi narahat edir. Bu istiqamətdə islahatlar aparmaq üçün nəzarət mexanizmi güclənməlidir və ictimaiyyət tərəfindən bu məsələyə münasibət bildirilməlidir”.

F.Muradov qeyd edib ki, İctimai Televiziya yeganə qurumdur ki, orada ictimaiyyət nümayəndələri var: “İctimai Televiziya modeli digər televiziyalar üçün istifadə oluna bilər. Bu gün ictimaiyyəti narahat edən məsələlər bu televiziyada öz əksini tapır. Amma Yayım Şurası təkcə nəzarət mexanizmi kimi yaradılmamışdı. Biz əslində cəmiyyətin, ictimaiyyətin müəyyən fikirlərini çalışırdıq ki, orada səsləndirək.

Eyni zamanda Avropa Şurasının da müəyyən məqsədləri var. İnanıram ki, biz İctimai Televiziyanın gələcək inkişafı üzərində öz müsbət fikirlərimizi deyəcəyik”.

Həmçinin millət vəkili "Avtomobil nəqliyyatı haqqında" qanununa dəyişikliklər edilməsi barədə sənədin müzakirəsi zamanı vurğulayıb ki, Bakıda şəhərinin sərnişin nəqliyyatında olan problemlərlə bağlı bizim qanunvericilikdə xüsusi avadanlığın quraşdırılması nəzərdə tutulub: “Yəni, həmin sürücülərin vaxtlı-vaxtında istirahət etməsi və s. məsələlər var. Şəhərdaxili nəqliyyatda qəzaların əksəriyyətinin baş verməsinə səbəb qanuna riayət olunmamasıdır. Çox xahiş edirəm ki, bu məsələdə qanunun tələblərinin yerinə yetirilməsi ilə bağlı addımlar atılsın. Bu, insanın həyatı, fəaliyyəti ilə bağlı olan məsələdir. Yaxşı olardı ki, biz gələcəkdə məsələnin üzərində duraq. Bakı şəhərində olan sərnişindaşıma ilə bağlı problemlər mövcuddur. Avtobuslar xüsusi dayanacaqlarda, yerlərdə olmalıdır. Amma reallıq onu göstərir ki, bir çox yerlərdə, xüsusən də mərkəzdə ciddi problemlər var. Biz I Avropa Oyunlarına hazırlaşırıq və çox böyük işlər görmüşük. Ancaq, ümumiyyətlə, bu sahədə qanunverici təşəbbüskar olaraq məsələni gündəmdə saxlamalıyıq”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər