30 May 2015 12:59
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov müvafiq hərbi ixtisaslar üzrə “Zabit ixtisası kursu”nda hazırlıq keçən gənc zabitlərlə H.Aslanov adına Mərkəzi Zabitlər Evində görüşüb.

Teleqraf.com Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət himni oxunub.

Sonra Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini - Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov xüsusi təyinatlı təhsil müəssisələrindən 2014-cü ildə məzun olmuş dinləyicilərin hazırlıq keçdiyi kursların əhəmiyyəti, hərbi təhsilin daha da təkmilləşdirilməsi istiqamətində son vaxtlar aparılan uğurlu islahatlar barədə qısa məlumat verib. O, müdafiə nazirinə bu sahəyə göstərdiyi diqqətə görə görüş iştirakçıları adından minnətdarlığını bildirib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov dinləyicilər qarşısında çıxış edərək Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tələblərini, ordu rəhbərliyinin tapşırıqlarını gənc zabitlərə çatdırıb, cəbhəboyu zonada əməliyyat şəraiti, Silahlı Qüvvələrin inkişaf istiqamətləri, döyüş qabiliyyətinin möhkəmləndirilməsi məqsədilə aparılan irimiqyaslı quruculuq işləri və digər məsələlər barədə ətraflı məlumat verib.

Qarşıda duran vəzifələrdən danışan müdafiə naziri bu gün dövlət rəhbərliyinin əsas məqsədinin Silahlı Qüvvələrin döyüş qabiliyyətinin daha da gücləndirilərək torpaqlarımızın işğaldan azad ediməsi vəzifəsinin yerinə yetirilməsindən ibarət olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Müharibə bitməyib, davam edir və biz torpaqlarımızı nəyin bahasına olursa-olsun, azad etməliyik” sözlərini xatırladan nazir yaxın vaxtlarda hərbi hissələrə təyin ediləcək gənc zabitlərə tövsiyə edib ki, tabelikdəki şəxsi heyəti dövlət rəhbərliyi tərəfindən qarşıya qoyulmuş bu mühüm vəzifənin yerinə yetirilməsi üçün səfərbər etmək onların başlıca vəzifəsi olmalıdır: “Tabeliyinizdəki şəxsi heyətə hərbi vərdişləri, vətənpərvərlik hisslərini aşılamaqla onları istənilən anda döyüşə səfərbər etməyi bacarmalısınız. Unutmayın ki, torpaqlarımız işğaldan azad edilmədiyi təqdirdə, ordumuz istənilən anda müharibəyə hazır olmalıdır. Dövlətimizin və xalqımızın dəstəyi nəticəsində Azərbaycanın hərbi qüdrəti getdikcə güclənir. Ordumuzun silahlanmasına müasir döyüş texnikaları, yeni tank və zirehli döyüş maşınları daxil edilir. Amma bu müasir silah və texnika şəxsi heyət tərəfindən bacarıqla istifadə edilməlidir”.

Keçən ilin yay aylarında və bu il ərzində cəbhə xəttində hadisələrin gərginləşdiyini xatırladan Z.Həsənov diqqətə çatdırıb ki, həmin dövrdə növbəti dəfə ordumuzun lazımi qədər hərbi gücə malik olduğu sübuta yetirildi.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Respublika Günü münasibətilə rəsmi qəbul zamanı çıxışında səsləndirdiyi “Keçən ilin yayından başlayaraq bu günə qədər Azərbaycan Ordusu təmas xəttində tam üstünlüyü təmin edib və düşmənə sarsıdıcı zərbələr endirib. Bu gün artıq Ermənistan rəhbərliyi etiraf edir ki, xarici yardım olmadan Azərbaycanın qabağını almaq mümkün olmayacaq. Biz isə həmişə deyirik ki, siz əgər ölmək istəmirsinizsə Dağlıq Qarabağdan, işğal edilmiş torpaqlardan çəkilin. Əks təqdirdə, Ermənistan bundan sonra da daim qorxu, təşviş, isterika, vahimə içində yaşayacaq və gün gələcək ki, artıq Azərbaycan Ordusu öz sözünü deməli olacaqdır” kimi fikirləri görüş iştirakçılarına xatırladan müdafiə naziri itkilərlə üzləşən düşmənin Azərbaycanın real hərbi qüvvəyə çevrildiyini bir daha dərk etdiyini bildirib.

Dövlətimiz tərəfindən Silahlı Qüvvələrin şəxsi heyətinə yüksək diqqət və qayğı göstərildiyini vurğulayan Z.Həsənov qeyd edib ki, müasir dövrdə Azərbaycanın hərbi büdcəsindən sosial sahəyə xeyli miqdarda maliyyə vəsaiti ayrılır.

Müdafiə naziri çıxışının sonunda gənc zabitlərə üzərlərinə düşən vəzifənin məsuliyyətini dərindən dərk edərək hərbi xidmətdə uğurlar arzulayıb və əmin olduğunu bildirib ki, onlar hərbi təhsil dövründə qazandıqları bilik və vərdişlərlə Vətənimizin müdafiə qabiliyyətinin daha da güclənməsinə öz töhfələrini verəcəklər.

Görüşün sonunda nazir gənc zabitlərin suallarını cavablandıraraq bir sıra məsələlərə aydınlıq gətirib, xidmətlə bağlı tövsiyə və tapşırıqlarını verib.


Müəllif:

Oxşar xəbərlər