Azərbaycan Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa-Qafqaz-Asiya Beynəlxalq Nəqliyyat Dəhlizinin (TRASEKA) “Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi” adlı beynəlxalq seminar tədbirində iştirak edib.
MQF-nin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən seminarda Azərbaycan, Gürcüstan və Ermənistan QHT-lərinin nümayəndələri iştirak edib. Seminarda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində beynəlxalq təcrübə, Cənubi Qafqazdakı real vəziyyət, ortaya çıxan problemlər və bu problemlərin həlli yolları müzakirə edilib. Seminarda bir çox məsələlər müzakirə olunub və yol hərəkəti təhlükəsizliyinin təmin olunmasında yaranmış bir çox problemlərin aradan qaldırılması məqsədilə təlimlərin təşkil edilməsi təklif olunub.
Seminar çərçivəsində Azərbaycan Milli QHT Forumu ilə Gürcüstanın Yol Təhlükəsizliyi üzrə Əməkdaşlıq Təşkilatı arasında memorandum imzalanıb.
Forumun prezidenti Rauf Zeyni təşkilatın rəhbəri Gela Kvaşilavaya öz minnətdarlığını bildirib və bu memorandumun QHT-lər arasında beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından çox faydalı olacağını qeyd edib.
Yol Təhlükəsizliyi üzrə Əməkdaşlıq Təşkilatının rəhbəri Gela Kvaşilava da öz növbəsində imzalanmış memorandumun böyük əhəmiyyət daşıdığını, iki təşkilat arasında bu sahədə mühüm işlər görüləcəyini vurğulayıb.
BƏXTİYAR