Müdafiə Nazirliyi (MN) bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 72 dəfə pozub.
MN-nin mətbuat xidmətindən Teleqraf.com-a bildiriblər ki, Ermənistan Respublikasının Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndindəki mövqelərimiz atəşə məruz qalıb.
Ermənistanın Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən də Tovuz rayonunun Koxanəbi kəndində yerləşən mövqelərimizə atəş açılıb.
Həmçinin Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Bundan başqa, Ermənistan tərəfindən işğal olunmuş Goranboy rayonunun Talış, Gülüstan, Tərtər rayonunun Çiləbürt, Ağdam rayonunun Şuraabad, Şıxlar, Kəngərli, Cəvahirli, Sarıcalı, Mərzili, Yusifcanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.