Bu gün prezident İlham Əliyev “Bakubus” MMC-nin birinci Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzinin açılışında iştirak edib.
Teleqraf.com AzərTac-a istinadən xəbər verir ki, dövlət başçısı deponun və mərkəzin rəmzi açılışını bildirən lenti kəsib.
Maliyyə naziri Samir Şərifov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat verib.
Qeyd edildi ki, burada bir inzibati və dörd xidməti bina inşa edilib. İnzibati binada ümumi, avtobusların və nəqliyyatın idarəetmə mərkəzləri, mühasibatlıq, treninq mərkəzinin sinifləri, yeməkxana və digər otaqlar var.
Azərbaycan Prezidenti “Bakubus” MMC-nin inzibati binasında, Sürücü Təlim Mərkəzində, avtobus parkında yaradılan şəraitlə tanış oldu, avtobuslara baxıb.
Diqqətə çatdırılıb ki, yanacaqdoldurma məntəqəsində eyni vaxtda 15 avtobusa xidmət göstəriləcək. Burada bir avtobusun yanacaqla tam təmin edilməsinə cəmi 7 dəqiqə vaxt sərf olunur.
Sonra dövlət başçısı Sürücü Təlim Mərkəzində avtobusların idarə edilməsi prosesini izləyib.