3 İyun 2015 18:19
1 303
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nazirlər Kabineti Milli Təhlükəsizlik Nazirliyinin (MTN) səlahiyyətlərinin artırılmasını nəzərdə tutan qərar qəbul edib.

Nazirlər Kabinetindən Teleqraf.com-a verilən məlumata görə, Nazirlər Kabineti “İxrac nəzarətinə düşən malların nomenklaturuna uyğun, habelə işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin qanunvericiliklə müəyyən edilmiş siyahısındakı malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) kateqoriyaları və bölmələri üzrə xüsusi icazə verən, ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti həyata keçirən icra hakimiyyəti orqanlarının Siyahısı”na dəyişiklik edilməsi barədə qərar qəbul edib.

Hökumətin 12 may tarixli qərarına əsasən, Siyahının "10-İML Hərbi təyinatlı mallar" kateqoriyasının "ML10" bölməsinin 4-cü sütununa birinci halda "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi," sözlərindən sonra "Milli Təhlükəsizlik Nazirliyi," sözləri əlavə edilir. Yəni dəyişiklik Milli Təhlükəsizlik Nazirliyinin səlahiyyətinin artırılması ilə bağlıdır.

Belə ki, aidiyyəti dövlət orqanlarının rəyləri əsasında hərbi təyinatlı uçuş aparatları, pilotsuz uçuş aparatları, raketlər, onların mühərrikləri, avadanlıqları və yardımçı avadanlıqları, hərbi təyinatı üçün xüsusi düzəldilmiş komponentlərin ixracı, idxalı, təkrar ixracı, təkrar idxalı, tranziti üzrə xüsusi icazə verən orqan Nazirlər Kabinetidir.

Siyahıya əsasən bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi (aidiyyəti üzrə), Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti həyata keçirirdi. İndi bu sıraya MTN-in də adı əlavə olunur.

Yəni bundan sonra bu sahədə ixrac nəzarətini, xüsusi icazə verilməsindən əvvəl və sonra yoxlamaları, ikili təyinatlı malların sifariş edilmiş məqsədlər üçün istifadə olunmasına nəzarəti MTN də həyata keçirəcək.


Müəllif:

Oxşar xəbərlər