Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Avropa Şurası çərçivəsində fəaliyyət göstərən İrqçiliyə və Dözümsüzlüyə qarşı Avropa Komissiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə komitə rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşavirinin xidmətinin əməkdaşları da iştirak ediblər.
Görüşdə sədr Mübariz Qurbanlı bildirib ki, Azərbaycanda din-dövlət münasibətləri Konstitusiya və "Dini etiqad azadlığı haqqında" Qanunla tənzimlənir. Onun sözlərinə görə, bu gün Azərbaycan tolerantlıq və multikultural dəyərlərə görə dünyada nümunə ola biləcək ölkələrdən biridir. Azərbaycanda dini durumun sabit olduğunu vurğulayan komitə sədri müxtəlif konfessiyaların sərbəst və qarşılıqlı anlaşma şəraitində fəaliyyət göstərdiklərini bildirib. Ölkəmizdə məscid, sinaqoq və kilsələr insanların ixtiyarına verilib və ibadət evlərinin bir qisminin təmir və bərpası Azərbaycan hökumətinin hesabına həyata keçirilir. M.Qurbanlı hər il dövlət büdcəsindən dini icmalara maliyyə vəsaitinin ayrıldığını və bu vəsaitin qeyri-islam dini icmalara da verildiyini vurğulayıb.
Səmimi qəbul üçün minnətdarlıqlarını bildirən Komissiya üzvləri ölkəmizdə dini azlıqların vəziyyəti ilə maraqlanıb və bu məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
BƏXTİYAR