“AKP-nin iştirakı olmadan da hökumət yarana bilər”
Nizami Cəfərov: “İndiki siyasi balans dəyişməyəcək”
Sabah Türkiyədə parlament seçkiləri keçiriləcək. Öncədən bilindiyi kimi, seçkilərdə əsas mübarizə hakim Ədalət və İnkişaf Partiyası (AKP) və müxalifətdə duran Cümhuriyyət Xalq Partiyası (CHP), Millətçi Hərəkat Partiyası (MHP), Xalqların Demokratik Partiyası (HDP) arasında gedir. Namizədlər arasında üç erməni mənşəli şəxs də var.
Erməni namizədlər AKP, CHP və HDP tərəfindən irəli sürülüb. MHP-nin siyahısında isə iki azərbaycanlı namizəd var. Hazırda yeganə şanslı namizəd kimi İsa Yaşar Tezelin adını qeyd edə bilərik. Əgər MHP-nin azərbaycanlı namizədi seçkini udarsa, bu zaman Türkiyə Böyük Millət Məclisinə keçməsi imkanı geniş olan üç erməni namizədin qarşısında da məhz İsa Yaşar Tezel dayanacaq.
Seçkiyə bir gün qalmış mütəxəssislər proqnozlarını açıqlayıb.
Türkiyə siyasətini yaxından izləyən Milli Məclisin mədəniyyət komitəsinin sədri, parlamentin Türkiyə ilə əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov hesab edib ki, seçkilərdən sonra Türkiyənin indiki siyasi balansı dəyişməyəcək. Onun sözlərinə görə, Ədalət və İnkişaf Partiyası iqtidarda olmaqda davam edəcək: “Türkiyənin indiki siyasi balansı dəyişməyəcək. Hər halda Ədalət və İnkişaf Partiyasının iqtidarda olması davam edəcək. Müəyyən qədər mümkündür ki, MHP imkanlarını genişləndirsin. HDP də iddialıdır. Amma bu partiyanın səddi keçəcəyinə inanmıram. Ancaq belə ehtimallar var. Türkiyənin özündə də bu haqda ciddi müzakirələr aparılır. Amma bu, çox da asan olmayacaq. Bununla belə Ədalət və İnkişaf Partiyasının bir çox hərəkətləri əvvəlkindən daha çox müzakirə yaradıb və müəyyən münaqişəlilik ortaya çıxarıb. Ancaq məsələ ondadır ki, dünyanın hər yerində iqtidar adətən daha çox müzakirə edilir. Müxalifət isə iqtidar qədər müzakirə edilmir. Biz arzu edirik ki, bu seçkilər Türkiyə üçün xeyirli olsun. Türkiyədə inkişaf başlayıb, bu ölkə dünya miqyasında bir sıra proseslərdə iştirak edir, böyük bir dövlətdir, türk dünyasının gözüdür. Türkiyədə indiyə qədər mövcud olan stabillik təmin edilməlidir. Amma bizim üçün Türkiyə siyasi partiyalardan ibarət deyil, bütövdür”.
Politoloq, sabiq dövlət müşaviri Qabil Hüseynli isə hesab edib ki, indiki rəy sorğuları onu göstərir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) təkbaşına iqtidar olmaq imkanları xeyli məhduddur. Onun fikrincə, AKP daxilində bir-birinin ardınca baş verən müxtəlif proseslər bu partiyanın parlamentdə əvvəlki üstünlüyü qazanmaq şanslarını xeyli aşağı salır: “Amma CHP, MHP və HDP əhali arasında xeyli fəaldır. Lakin son sözü Türkiyə seçicisi deyəcək. Türkiyənin özündə bəzi mütəxəssislər qeyd edirlər ki, AKP təkbaşına hökumət qura bilməyəcək və Türkiyə yenidən koalision hökumət yaratmaq məcburiyyəti qarşısında qalacaq. Koalision hökumətə möhtac olunduğu təqdirdə, gözlənilməyən bir situasiya da yarana bilər. Yəni AKP-nin iştirakı olmadan da hökumət yarana bilər. Amma bu, az ehtimal olunan versiyadır. Reytinqdən asılı olmayaraq, CHP parlamentdə öz sayını artıracaq. MHP də deputat sıralarını genişləndirə bilər. Ən gözlənilməz və Türkiyə üçün xeyir gətirməyəcək bir şey PKK-ya yaxın olan HDP-nin daha çox səs qazanmasıdır. HDP qələbə qazanarsa, parlamentdə qüvvələr nisbəti dəyişə bilər, ümumiyyətlə, parlamentin fəaliyyəti iflic ola bilər. Yəqin ki, Türkiyə siyasi dairələri bunu nəzərə alır”.
Məlumat üçün qeyd edək ki, Türkiyədə aparılan son sorğuların nəticələrinə görə, hakim partiya seçicilərin 39-42 faiz səsini toplayıb qələbə qazanacaq.
Sorğulara əsasən, Cümhuriyyət Xalq Partiyası 26-29 faiz səs toplaya bilər. Milliyyətçi Hərəkat Partiyasının isə 14-17 faiz səs toplayacağı gözlənilir. Xalqların Demokrat Partiyası (HDP) isə təxminən 9-12 faiz səs toplaya bilər.
İndilikdə seçkinin ən sürpriz hadisəsi HDP-nin 10 faizlik səddi aşmaqla parlamentə seçilə bilməsi ola bilər. Əgər bu, baş versə, qardaş ölkədə durum bir qədər dəyişəcək. Ancaq bütün ehtimallar yenə də hakim partiyanın yüksək səs toplayaraq təkbaşına hökuməti qurmaq imkanında ola bilməsinə yönəlib.
CAVİDAN